Kitabxanada unudulmaz tədbir keçirilib
18:58 SosialBakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə geniş və yaddaqalan tədbir təşkil olunub.
Doğma ana dilimizin mənşəyinin, tarixi inkişaf mərhələlərinin, zəngin leksik-semantik qatının, habelə qorunması və gələcək nəsillərə ötürülməsi zərurətinin təbliği məqsədilə keçirilən tədbirə tarix elmləri üzrə fəlsəfə doktoru İradə Əlili, tanınmış şair-publisist, türkoloq Əkbər Qoşalı, kitabxananın fəal oxucuları, müəllimlər, tələbələr və digər qonaqlar qatılıb.
Tədbir əlamətdar günə həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb. Videoçarxda ana dilimizin tarixi kökləri, keçdiyi mürəkkəb, lakin şərəfli yol, klassiklərimizin dil uğrunda mübarizəsi və çağdaş dönəmdə dil siyasətinin əsas yönləri barədə bilgi verilib, fikir alış-verişi olub.
Daha sonra çıxış edən natiqlər ana dilinin hər bir xalqın milli kimliyinin əsas sütunu olduğunu vurğulayaraq. dilin həm də tarixi yaddaşın daşıyıcısı, mənəvi dəyərlərin qoruyucusu, milli-mədəni irsin ötürücüsü olduğunu deyiblər. - İnsan dünyanı ilk olaraq ana dilinin pəncərəsindən dərk edir; onun düşüncə sistemi, estetik zövqü, mənsubiyyət hissi məhz bu dil mühitində formalaşır.
Çıxışlarda qloballaşma proseslərinin doğurduğu çağırışlar fonunda ana dilinin saflığının qorunmasının, düzgün və zəngin ifadə imkanlarından istifadə olunmasının, özəlliklə gənc nəslin dil məsuliyyətinin artırılmasının vacibliyi xüsusi qeyd edilib. Ana dilinə sevginin şüarçılıqdan uzaq tutularaq gündəlik davranış və yazı mədəniyyətində öz əksini tapmalı olduğu diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsi isə xüsusi ovqat yaradıb. Dilə, sözə və kimliyə həsr olunmuş şeirlər səsləndirilib, hikmətli kəlamlar söylənilib, iştirakçılar öz düşüncə və duyğularını bölüşüblər. Oxucuların ifasında klassik və çağdaş ədəbiyyat örnəkləri tədbirə emosional dərinlik qatıb.
Sonda vurğulanıb ki, ana dilinin yaşadılması hər bir vətəndaşın mənəvi borcudur. Çünki dil yaşadıqca millət yaşayır, söz var olduqca yaddaş silinmir. Bu baxımdan keçirilən tədbir bir tarixi günün qeyd olunması ilə yanaşı, həm də dilə sədaqətin və milli kimliyə bağlılığın ifadəsi kimi yadda qalıb.