Peyvənddən ölən 10 aylıq körpənin həkimi görün nələr DANIŞDI: “İynəni vurdum, sonra...”

Xəbər verdiyimiz kimi, Goranboyda peyvənd vurulan körpə ölüb. Hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib. Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

10 aylıq körpə Yuxarı Ağcakənd qəsəbəsində yerləşən tibb məntəqəsində həkim Pərvin Köçərli tərəfindən peyvənd olunub.

Pərvin Köçərli bununla bağlı Musavat.com-un suallarını cavablandırıb:

- Doktor, körpəyə hansı növ peyvənd vurulub?

- "Hexa" və PK peyvəndlərindən istifadə edilib.

- Peyvənd edilərkən körpənin temperaturu neçə olub?

- Qızdırmasını ölçdüm, 35.4 idi. Mənim yanımda peyvənddən sonra şok və ya hansısa reaksiya olmayıb. İynəni vurdum və müəyyən müddət gözlədik. Vəziyyəti normal olandan sonra körpəni evinə göndərdim.

- Körpənin halı nə qədər sonra pisləşib?

- Bir gündən sonra vəziyyəti pisləşib. Səhər yuxudan durub, yeməyini yeyib, oynayıb və günorta yatıb. Yatdıqdan sonra yuxudan ayılmayıb. Qəfil ölüm baş verib.

- Bu peyvənd hansı xəstəliklərin əleyhinədir?

- Profilaktik peyvəndlərdir. Körpənin ilk peyvəndini də noyabr ayında mən etmişəm. O zaman da narahatlığı olmamışdı.

- Peyvəndlərin saxlanma şəraiti standarta uyğundurmu?

- Bəli, uyğundur.

Qeyd edək ki, "Hexa" peyvəndi (6-lı vaksin) uşaqları 6 ciddi xəstəliyə qarşı qoruyur. Bu, kombinə olunmuş vaksin olduğundan tək iynə ilə birdən çox xəstəliyə qarşı immunitet yaradır. Heksa peyvəndinin qoruduğu xəstəliklərə difteriya, tetanus (qıcolma xəstəliyi), göyöskürək (Pertussis), Hepatit B, poliomielit (uşaq iflici), Haemophilus influenzae tip B - meningit, pnevmoniya aiddir.

PK peyvəndi uşaqları pnevmokok infeksiyalarına qarşı qoruyan vaksindir. Bu peyvənd fərdi bakteriyaya qarşı yönəldilib və ağır xəstəliklərin qarşısını almaq üçün nəzərdə tutulub. PK peyvəndinin qoruduğu xəstəliklərə pnevmoniya, meningit, Otit (orta qulaq iltihabı", sepsis (qan yoluyla yayılan ciddi infeksiya) daxildir.

PK peyvəndi "Hexa" və ya "Penta" ilə qarışdırılmadan ayrıca vurulur və uşağın immun sistemini Pnevmokok bakteriyasına qarşı xüsusi olaraq gücləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31