Azərbaycan televiziyalarına konseptual islahat lazımdır- ÖZƏL

"Azərbaycan televiziyaları ciddi islahat mərhələsinə ehtiyac duyur. Bu artıq emosional narazılıq deyil-sistem problemidir. İllərdir ekran mədəniyyətini formalaşdırmış peşəkar televiziyaçılar kənarda qalıb, qərarverici postlara isə çox zaman televiziya idarəçiliyinin mahiyyətini anlamayan şəxslər gətirilib". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri Rauf Rəcəbov deyib: "Bu gün televiziyalarımızın  qarşısında eyni sual dayanır: televiziya nə üçündür? Reytinq naminə qalmaqal istehsal etmək üçünmü, yoxsa cəmiyyətə istiqamət vermək üçün? Televiziya sadəcə şou deyil. Televiziya milli ideologiyanın platforması, ictimai düşüncənin formalaşdığı məkandır. Bu məsuliyyəti anlamayan rəhbərlik isə proqram siyasətini strateji baxışla deyil, gündəlik reytinq cədvəli ilə qurur. Nəticədə efir məkanında səthi müzakirələr, süni qalmaqallar və təsadüfi simalar çoxalır, analitik verilişlər, sənədli layihələr, ictimai debatlar isə azalır.
Ən təhlükəli tendensiya isə budur: peşəkarlar sistemli şəkildə kənarlaşdırılır. Uzun illər televiziya məktəbi keçmiş rejissorlar, redaktorlar, prodüserlər işsiz qalır və ya qərarvermə prosesindən uzaqlaşdırılır. Onların yerini isə media idarəçiliyində təcrübəsi olmayan şəxslər tutur. Televiziya məktəbi olmadan televiziya qurmaq mümkün deyil.
Əgər rəhbərlik prinsipi dəyişməzsə, nəticə də dəyişməyəcək. Şou əhli ilə struktur idarə etmək olmaz. Televiziya idarəçiliyi kreativ düşüncə ilə yanaşı, strateji planlama, kadr siyasəti, kontent balansı və ictimai məsuliyyət tələb edir.
Bu gün tamaşaçı əvvəlki kimi deyil. Rəqəmsal platformalar, sosial şəbəkələr, alternativ media mənbələri var. Tamaşaçı keyfiyyət tələb edir və seçim imkanına malikdir. Əgər televiziya özünü yeniləməsə, tamaşaçı onu sadəcə fon səslənməsi kimi qəbul edəcək.
Azərbaycan televiziyalarına kosmetik dəyişiklik yox, konseptual islahat lazımdır. Əks halda, ekran məkanı tədricən nüfuzunu itirəcək. Televiziya təsadüfi idarəçilik meydanı deyil. O, dövlətin və cəmiyyətin ən güclü kommunikasiya alətlərindən biridir. Bu alətin dəyərini anlamayanlar onu idarə etdikcə, nəticə dəyişməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31