Alasan çiyninə Yer kürəsini.....
10:31 SosialHər kəsin qəlbində illərin buraxdığı izlər var. İzlər deyəndə ki, yaşadığı duyğuların rəngsiz cizgiləri. Yox, onlar əzəldən belə rəngsiz olmayıblar, əslində yaddaşımızda ömrü ən çox olan cizgilər vaxtıilə ən rəngli, ən dərin cizgilər olub. Qalan ağ-qara cizgilərə də şükür, əlində deyil, istədiyin yerini istətədiyin rəngə boya o cizgilərin. Yəqin etiraz etməzsiniz ki, yaddaşımızın qayaüstü rəsmləri ən çox gənclik illərinə aiddir. Gənclik illəri...
...Nədənsə, Faiq deyəndə "Gənclik "metrosu yadıma düşür ilk öncə. (Birinci kursda oxuyanda 6 ay APİ-nin tələbə yataxanasında qaldım)
Metrodan çıxıb 10№-li avtobusla yataqxanaya getmək üçün dayanacağa gəldik qizlarla. Çox küsgün, kədərli, ürkək və qorxaq vaxtlarım idi. Qayır-qayır qaynaşan adamlar arasından öz adını cox mehribancasına, qayğıkeşcəsinə eşitmək nə qədər xoş idi. Bəlkə elə ona görə bu cizgi 30 il keçməsinə baxmayaraq öz dərinliyini, rəngini saxlayıb. Faiq dənizçi idi , şair idi... Onu Sabir adına kitabxanada görmüşdüm, "Pərvanə" ədəbi birliyində. Məlum səbəbdən çox qaraqabaq olduğundan onun isti münasibəti məni acıqlandırsa da, "Gənclik" metrosundan sonra o, mənimçün doğmalaşdı. Sonra onu daha çox şair kimi tanıdım, filoloq olmasa da, Azərbaycan dilinin qayda -qanunlarına hörməti, ən əsası da güclü müşahidə qabiliyyəti məni düşündürdü... Daha sonralar Faiqi vəfalı bir dost kimi xatırladım-- gənclik illərimin yeganə sadiq dostu kimi.....
Ailəvi dostluğumuz yarandı, balalarını sevdim, balalarımı sevdi.... Çox sonralar "Gənclik" metrosundakı o səsin şirinliyinin sehrini tapdım - səmimiyyət. Hə, Faiq səmimi insandır və şairi şair edən ən ümdə səbəb də elə budur.
Yazı Faiq haqqında xatirələrlə başlasa da, onun yaradıcılığı haqda deyəcəyim real faklara əsaslanacaq. "Yaşıl yuxulu dəniz" in sahilində düşüncələr" bu yaradıcılıq haqda ilk təəssuratlarım idi.
Indi isə...
Bəzi sənətkarlar var ki, onların keçdiyi həyat yolu yaradıclığına heç yansımır. Sanki başqa bir həyat yaşayır və başqa bir bir sənət yaradır. Sanki sənəti səhnə həyatdır. Faiqdə isə həyat və sənət iç-içədir. Güclü müşahidə qabiliyyəti hər gün üzləşdiyi həyat həqiqətlərinin qanunauyğunluqlarını tapır, ümumiləşdirir və ifadə edir və bu zaman oxucu düşünür. "Həə, mən buna niyə fikir verməmişəm".
Faiq Balabəyli yaradıclığı oxucu üçün bu böyük muzey olan dünyada bir ekskursavantdı, o, oxucu düşüncəsinin əlindən tutub onu yaşamın ən dərin və ənəngin qatlarına aparır.
F.Balabəylini mən düzlərin və dənizlərin şairi adlandırıram. Doğulduğu Cəlilabad bölgəsinin sarıçiçəkli çöllərinin ətri üstündə Xəzərin yosun ətrinə qarışır onun şeirləri. Həm ətirli, həm də rəngərəngdir. Sarı çiçəklər, mavi dəniz... Sanki onun yaradıclığı böyük bir nəhrdir, dalğalandıqca gah sarı çiçəklər, gah mavi ləpələr görünür. Faiq özü-özünü daha gözəl təqdim edir.
Baxın ,
mən kənddə doğuldum, kənddə böyüdüm.
At çapdım, ot çaldım, ovçuluq etdim.
Yaxşı adamlardan tərbiyə aldım...
Hamıya ,hər yerdə yaxşlıq etdim.
Ürəyim atlandı , duydum ətrini
Oxşadı könlümü yaz çiçəkləri
Və:
Yuxusu yosun tək yaşıl bu dəniz
Mənə özüm kimi tanış bu dəniz
Danış, nəyin varsa, danış ,bu dəniz
Sənindir bu gündən, sənindir daha.
Faiqin yaradıclığın araşdıqca bu paralellər uzanıb gedir. Mən Faiqin bütün yaradıclığını bir neçə əsas mövzu altında qruplaşdırırmaq istəsəm də, alınmadı, çünki onda mövzular o qədər rəngarəngdir ki,.... Sarı çiçəkli çöllərdə mavi dənizin küləkləri arsında cövlan edən bu ilham harlara baş vurmayıb?!
Məhəbbət lirikası, təbiətin tərənnümü ictimai-siyasi düşüncələri, ədalətsizliyə qarşı hiddət, rus imperyasının iç üzünü açan çılğın şeirlər, azadlıq mücadilələrinin şərqiləri, şirindilli bir aşiqin həzin pıçltıları, qayğıkeş, həssas bir atanın narahtlığı və övlad sevgisi, qeyrətli bir oğulun övlad borcu...
Hərdən düşünürəm ki, Faiq dənizçiliyi, qəzetçiliyi, siyasəti... bir kənara qoyub yalnız şair olsaydı, nolardı görəsən?!
Məncə, onun " bir qədər boş vaxtı ol" sa,"Alnına yazılan xoş baxtın olsa," Alasan çiyninə Yer kürəsini, aparıb bir qədər yana qoyasan"...
Hələ ömür qabaqdardır. Yer kürəsindən və Faiqdən ehtiyatlı olun.
Bunu mən deyirəm ha ,
Xatirə Rəhimbəyli