Bədən şəkilləndirmə-fiziki dəyişiklikdən daha artıq

Sağlamlıq hər bir insan üçün ən böyük sərvətdir. Bədənimizin sağlam olması yalnız xəstəliklərin olmaması demək deyil, həm də fiziki və psixoloji harmoniya, özünü rahat və dəyərli hiss etməkdir. Düşünürəm ki, sağlam bədən və sağlam ruh bir-birinə bağlıdır, biri pozulduqda, digəri də əziyyət çəkir. Məhz buna görə insanlar öz bədənlərinə diqqət göstərməli, onu qorumağı və düzgün formalaşdırmağı öyrənməlidirlər.
Son illərdə cəmiyyətimizdə estetik əməliyyatlara maraq əhəmiyyətli dərəcədə artıb. İnsanlar artıq yalnız görünüşlərini yaxşılaşdırmaq üçün deyil, həm də bədənlərini istədikləri formaya gətirmək, özlərinə inamı artırmaq və cəmiyyətin müəyyən etdiyi gözəllik standartlarına uyğunlaşmaq üçün müxtəlif prosedurlara müraciət edirlər. Sosial şəbəkələrdə yayılan ideal bədən şəkilləri, moda və məşhurların görüntüləri insanların öz bədənlərinə baxışını dəyişdirib, estetik əməliyyatları sadəcə lüks deyil, bir növ "yaşayış tərzi" kimi qəbul etməyə səbəb olub. Bədən şəkilləndirmə əməliyyatları yalnız fiziki dəyişikliklərlə məhdudlaşmır. Onlar həm də insanın psixoloji vəziyyətinə, özünə inamına və sosial həyatına təsir edir. Həkimlər də xəbərdarlıq edirlər ki, estetik əməliyyatlar ciddi tibbi prosedurlardır. Onlar peşəkar olmayan mühitdə, lazımi tibbi yoxlamalar aparılmadan həyata keçirildikdə ciddi risklər daşıyır. Bədən şəkilləndirmə əməliyyatları cərrahiyyə müdaxiləsi tələb edir və hər hansı bir komplikasiya, qanaxma, infeksiya və ya digər sağlamlıq problemlərinə yol aça bilər. İnsanlar çox vaxt yalnız estetik nəticəyə fokuslanır, əməliyyatın sağlamlığa təsirini nəzərə almırlar.
Müasir dövrdə estetik əməliyyatlar artıq tabu mövzu deyil. İnsanlar açıq şəkildə əməliyyat keçirdiklərini paylaşır, bu da cəmiyyətdə marağın artmasına səbəb olur. Lakin bu maraq bəzən məsuliyyətsiz yanaşmalara, təcrübəsiz mütəxəssislərə müraciət etməyə və tibbi baxımı minimal olan yerlərdə əməliyyat keçirməyə gətirib çıxarır. Hər bir estetik prosedur ciddi hazırlıq və həkimlə ətraflı məsləhətləşmə tələb edir. İnsanlar yalnız görünüşünü dəyişdirmək üçün deyil, həm də sağlamlığını qorumaq üçün peşəkar məsləhətlərə əməl etməlidir. Bədən yalnız fiziki mövcudluq deyil. O, eyni zamanda şəxsiyyətin, sosial statusun və özünü ifadənin bir vasitəsidir. İnsanlar estetik əməliyyatlarla həm cəmiyyətin gözləntilərinə uyğunlaşmaq, həm də öz şəxsi idealını reallaşdırmaq istəyirlər. 
Bununla yanaşı, estetik əməliyyatların artması cəmiyyətdə bədənin bir sosial ifadə vasitəsi kimi qəbulunu da göstərir. Artıq bədən yalnız fiziki mövcudluq deyil, eyni zamanda sosial status və özünüifadənin bir formasıdır. İnsanlar estetik müdaxilələr vasitəsilə özlərini cəmiyyətin müəyyən etdiyi gözəllik standartlarına uyğunlaşdırmaq və ya şəxsi idealını reallaşdırmaq istəyirlər.
Bədən şəkilləndirmə, estetik əməliyyatların insan orqanizminə təsiri ilə bağlı daha ətraflı həkim-allerqoloq Şahvələd Məmmədov Olaylar.az-a açıqlama verib: 
"Bilirsiniz, qlobal dünyada, inkişaf edən dünyada, elm o cümlədən səhiyyənin müxtəlif sahələri inkişaf etməyə başlamışdır. Məsələn, nəzərə alsaq ki, Azərbaycanda artıq orqan köçürülməsi əməliyyatları aparılır. O cümlədən, Cənubi Qafqazda birinci dəfə ürək köçürülmə əməliyyatı Azərbaycanda keçirildi. Bu, bizim üçün böyük bir elmi nailiyyətdir.
Amma bədən şəkilləndirmə əməliyyatlarına gəldikdə, çox təəssüf ki, vəziyyət fərqlidir. Özünüz də görürsünüz, mən də dünyanın bir neçə ölkəsini gəzmişəm və müşahidə etmişəm ki, Azərbaycanda, balaca ölkə olduğumuza baxmayaraq, insanlar, xüsusən də gənclər bədən şəkilləndirmə əməliyyatlarına çox meyillidirlər. Burun estetikasına, çəki problemlərinə görə olan və digər əməliyyatlara maraq böyükdür. Hər bir orqanizmin öz neyrohomoral təzminatı var. Bu təzminatı birdən-birə kəsdikdə, məsələn, mədə kiçiltmə əməliyyatını nümunə çəksək, riskli əməliyyatlardan biridir. İnsan birdən-birə çəkisinin yarıdan çox hissəsini itirəndə, orqanizmdəki neyrohormonal dediyimiz o faktor, orqanizmin hormonal balansında nə qədər ciddi dəyişikliklərə gətirib çıxarır. Ona görə də, təbii ki, insanlar belə əməliyyata getməmişdən əvvəl, birincisi, əməliyyat profesional mütəxəssis tərəfindən aparılmalıdır ikincisi, insanın sağlamlıq vəziyyəti dəyərləndirilməlidir. Çəkisi, boyu, fiziki inkişafı, genetik vəziyyəti araşdırılmalıdır, riskli xəstəliklər və yaxın qohumlarında olan xəstəliklər nəzərə alınmalıdır. Bəzən adi bir tromb böyük fəsadlara səbəb ola bilər. Ona görə, bu cür əməliyyatlardan əvvəl və sonra insanlar uzunmüddətli nəticələri qorumaq üçün həyat tərzini düzgün qurmalı, qaydalara düzgün əməl etməlidir və əməliyyatdan sonra mütəxəssis həkim tərəfindən verilən tövsiyələrə ciddi şəkildə riayət etməlidirlər. Əks halda, hər hansı bir fəsadla üzləşmək mümkündür". 
Bədən şəkilləndirmə yalnız estetik bir seçim deyil, həm də insanın həyat tərzini, qərarvermə qabiliyyətini və özünə yanaşmasını əks etdirən bir prosesdir. Hər bir əməliyyat, hər bir dəyişiklik yalnız cərrahi müdaxilə deyil o, insanın özünü dərk etməsi, fiziki və psixoloji sərhədlərini anlaması və həyatını məsuliyyətlə qurması ilə bağlıdır. Düşünürəm ki, sağlam bədən və sağlam ruh arasında incə bir balans var və estetik əməliyyatlar bu balansı qorumaq üçün düşünülmüş və peşəkar yanaşma tələb edir.
Gənclər və bütün cəmiyyət üçün vacib olan odur ki, bədəninə sahib çıxmaq və onu formalaşdırmaq istəyi yalnız gözəllik arzusu ilə məhdudlaşmasın. Bu, eyni zamanda özünə hörmət, məsuliyyət və həyat keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. İnsanlar müasir dünyada özünüifadə vasitəsi kimi bədənə baxarkən, sağlamlığın, təhlükəsizliyin və uzunmüddətli nəticələrin hər zaman ön planda olduğunu unutmamalıdırlar. Həkim Şahvələd Məmmədovun da vurğuladığı kimi, bədən şəkilləndirmə əməliyyatları yalnız estetik məqsəd daşıyan prosedurlar deyil. Onlar insan orqanizminə ciddi təsir göstərir və hər bir müdaxilə peşəkar yanaşma, düzgün hazırlıq və sağlamlıq yoxlamaları tələb edir. İnsan yalnız gözlə görünən dəyişiklik üçün deyil, həm də sağlamlığını qorumaq, uzunmüddətli nəticələri təmin etmək üçün məsuliyyətlə hərəkət etməlidir. 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31