Kölgədən işığa doğru bir yol

Azərbaycan ədəbiyyatında qadın şair və publisistlərin mövqeyi

Qadın sadəcə ailənin dayağı deyil, o, eyni zamanda mədəniyyətin, ədəbiyyatın, düşüncənin formalaşmasında mühüm rol oynayan bir qüvvədir. Tarix boyu qadın həm ilham mənbəyi olub, həm də özü ilham yaradan şəxsiyyətə çevrilib. Düşünürəm ki, qadının cəmiyyətdəki rolunu yalnız sosial çərçivədə qiymətləndirmək düzgün olmaz. Çünki qadın təkcə ana, bacı, həyat yoldaşı deyi o, söz, fikir  və mövqe sahibidir. Ədəbiyyat isə məhz bu mövqelərin toqquşduğu, formalaşdığı və tarixləşdiyi məkandır. Ədəbiyyat bir xalqın ruhudur. O ruhun içində sevinc də var, ağrı da, mübarizə də, üsyan da. Azərbaycan ədəbiyyatına nəzər saldıqda qadın obrazlarının zənginliyini görürük. Amma məncə, daha vacib sual budur: qadın yalnız obraz kimi mövcud olub, yoxsa müəllif kimi də sözünü deyə bilib?
Azərbaycan qadın ədəbiyyatının yolu həm çətin, həm də ilhamverici bir tarixdir. Tarixi mərhələlər göstərir ki, qadınların söz meydanına çıxışı asan olmayıb təhsil imkanlarının məhdudluğu, cəmiyyətin stereotipləri və sosial çərçivələr uzun müddət onların yaradıcılığını məhdudlaşdırıb. Lakin buna baxmayaraq, Azərbaycan ədəbiyyatında qadın imzası hər zaman özünü göstərməyi bacarıb. Qadın qələmi dünyaya başqa bir rakursdan baxır. O, ağrını da, sevgini də, müharibəni də, ədalətsizliyi də fərqli duyur və fərqli ifadə edir. Bu fərqlilik isə ədəbiyyatı kasadlaşdırmır, əksinə, onu zənginləşdirir.
Qadın şair və publisistlərin mövqeyi, keçmişdən bu günə qadın ədəbi xətti ilə bağlı daha ətraflı Yazıçılar Birliyin üzvü, prezident təqaüdçüsü, şairə Xəyalə Sevil ilə danışdıq: 
-Azərbaycan ədəbiyyatında qadın şair və publisistlərin mövqeyini necə dəyərləndirirsiniz?
- Azərbaycan ədəbiyyatında qadın şair və publisistlərin mövqeyi tarixən bəzən üsyankar şəkildə eşidilməsə də, heç vaxt susmayıb. Həmin o susmamağın nəticəsidir ki, bu gün qadınlarımız cəmiyyətin önəmli bir hissəsində rol oynayırlar. 
-Tarix boyu bu sahədə qadınların rolu nə qədər görünür olub və bu gün həmin mövqe hansı mərhələdədir?
- Qadın həm ana, həm vətəndaş, həm də yaradıcı şəxsiyyət kimi bütöv obrazdır. Bu keçmişdə də belə olub, bu gün də belədi. Dəyişən yalnız forma və dövrün dili olub, amma qadının daxili həqiqəti, sevgi, tənhalıq, ümid və mübarizə motivləri dəyişməyib.
-Keçmişdən bu günə qadın ədəbi xəttini necə xarakterizə edərdiniz? Məsələn, Xurşidbanu Natəvan, Mirvarid Dilbazi, Məhsəti Gəncəvi kimi imzalarla bu gün yazan qadın qələm sahibləri arasında hansı ideya və ruh davamlılığını görürsünüz?
-Məncə bunu kölgədən işığa doğru bir yol kimi xarakterizə etmək olar. İndi qadınlarımız öz səsini daha açıq və cəsarətlə ifadə edir. Amma bu səsin kökündə yenə də eyni həssaslıq, eyni daxili güc var. Ancaq mən bir az optimist yanaşacam. Nə qədər keçmiş dövrü bəh-bəhlə təqdim etsək də, bu günü də layiqincə qiymətləndirməliyik. İndi dövr dəyişib və istedad artan ətt üzrə inkişaf edib. Keçmiş dövrdə qəbul olunan meyarlar artıq qəbul olunmur. Mən düşünürəm ki, klassiklərimizə toxunmaq olmaz, amma onlara bənzəməyə də çalışmamalıyıq. Dövr yerində saymağı yox, inkişaf etməti tələb edir. 
-Siz öz yaradıcılığınızda daha çox hansı mövzulara müraciət edirsiniz?Qadın taleyi, cəmiyyət, vətən, sosial ədalət-hansı istiqamət sizin üçün daha prioritetdir və ilham mənbəyiniz nədir?
-Mənim  yaradıcılığımda əsas mövzu insanın daxili dünyasıdır. İnsan taleyi, tənhalıq, ümid, gözləmə, ruhun sınması və yenidən dirçəlməsi... Qadının yalnız sosial obrazı deyil, onun görünməyən hissləri, danışmadığı ağrıları və qoruduğu ümidləri var. Mənim üçün ilham mənbəyi həyatın özüdür-yaşananlar, itirilənlər, gözlənilənlər və insanın içində heç vaxt ölməyən ümid hissi. Amma ümumiyyətlə mən, xüsusən şeirdə qadın-kişi ayırımı etmirəm. Mənim şeirlərimdə insan var, insan duyğuları var. 
-Azərbaycan ədəbiyyatında qadınların səsinin daha gur eşidilməsi üçün hansı mexanizmlər vacibdir?
-Artıq cəmiyyət qadın müəllifi yalnız qadın kimi deyil, müstəqil yaradıcı şəxsiyyət kimi qəbul edir.  Ədəbiyyatda sözün gücü qadın-kişi ayrıseçiciliyi ilə deyil, istedadla ölçülür. Məncə, artıq bir mərhələ qapanıb. Artıq qadınlarımız dəstək gözləmirlər, özləri özlərinə dəstək ola bilirlər.
-Azərbaycan qadın ədəbiyyatının gələcəyini necə görürsünüz? Gənc nəsil qadın yazar və şairlərə hansı əsas tövsiyələri verərdiniz?
- Ədəbiyyat səmimiyyət tələb edir. Ən güclü söz insanın öz həqiqətindən, səmimiyyətindən doğan sözdür. Əgər yazdıqları onların ruhunun, istedadının səsidirsə, o səs mütləq eşidiləcək. Gənc qadın yazarlara tövsiyəm odur ki, öz səslərininin arxasında durmağı bacarsınlar. Başqalarına bənzəməyə, publikaya oynamağa çalışmasınlar. Ədəbiyyat fərd işidir. Çoxluqda yaranan ədəbiyyat isə dost-tanış ədəbiyyatıdır, o da zamanla dağılır. 

Qadın şair və publisistlərin mövqeyi heç vaxt susmayıb. Tarixin müxtəlif dövrlərində onların səsləri bəzən eşidilməsə də, bu səssizlik onların mövqeyini zəiflətməyib. Əksinə, susmamaq, sözünü demək, ifadə etmək qadınların yaradıcılıq irsinin əsas dayağına çevrilib. Şairə Xəyalə Sevilin də qeyd etdiyi kimi, qadın həm ana, həm vətəndaş, həm də yaradıcı şəxsiyyət kimi bütöv obrazdır. Keçmişdə də belə olub, bu gün də belədir. Dəyişən yalnız dövrün dili və ifadə formalarıdır- qadının daxili həqiqəti, duyğuları, ümidləri və mübarizəsi isə hər zaman eyni gücdədir.
Xurşidbanu Natəvanın incə və poetik səsi, Mirvarid Dilbazinin ifadə gücü və Məhsəti Gəncəvinin mübariz ruhu bu günkü gənc qadın yazarlara ilham mənbəyi olur. Onlar yalnız klassiklərin ideya və ruhunu davam etdirmir, həm də dövrün çağırışlarına uyğun yeni sözlər, yeni mövzular gətirirlər. 
Nəticə etibarilə, Azərbaycan qadın ədəbiyyatı yalnız keçmişin mirası deyil, həm də gələcəyin vədidir. Qadınlar həm obraz, həm müəllif, həm də düşüncə sahibi olaraq cəmiyyətin, mədəniyyətin və ədəbiyyatın formalaşmasında həlledici rol oynayırlar. Onların yaradıcılığı həm insanın daxili dünyasını, həm də cəmiyyətin reallıqlarını əks etdirir, ümid və mübarizə hisslərini yaşadır. Bu yol asan deyil, amma qadın qələminin gücü və səmimiyyəti sayəsində Azərbaycan ədəbiyyatı hər zaman zəngin, canlı və ilhamverici qalacaq.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31