“Ömrün payız karvanına qoşulduq”

"Ömrün payız karvanı"na qoşulduq. Nə zaman, nə zaman yetişdi bu payış karvanı? Elə bil cavanlığımız dünən olub. Odlu-alovlu günlər keçirib bizim nəsil. Ev fikirləşmirdik, var- dövlət fikirləşmirdik. Evdə yatmırdıq, dağda-dərədə yatırdıq. Millət və dövlət hər şeydən öncə idi. Elə bilirdik ki, payız karvanına doğru addım atmayacağıq. Sən demə bütün mücadiləmiz qocalığa getmək idi. Bu mücadilədə sən vardın İlqar Türkoğlu! Düşmənlə çarpışırdın, uzaqda qalan türk ellərini  Azərbaycana yaxınlaşdırırdın, təmənna olmadan, heç kimə boy göstərmədən. Sənin üçün cəmiyyətdə pis və yaxşı insan yoxdur. Sənin üçün millətini sevən var, bir də mədəsindən aşağı üçün çalışanlar. Sənin bir qayən olub: "Birin  cəmi qırxdır, qırxın cəmi birdir". Sözündə, şeirində türk dünyasının birliyi üçün çalışırsan... "Qızıl alma"nın izinə düşüb qırxın cəmini bir etmək istəyirsən. Bu müqəddəs yolda yüz illərdir ömrünü, gününü bu izə, amala qoyub, sən də onlardan biri. Çoxları bunu görmədi, nisgilli getdi. Nənələrimiz nağıl danışıb, bitirəndə deyirdilər ki, göydən üç alma düşdü. Bizdən başqa heç bir xalqın nağıllarının sonunda "göydən üç alma" düşmür. Bu yalnız bizdədir. Bu şifrəli kodu babalarımız bizim üçün qoymuşdu. Onlar bizə "Qızıl alma"nı işarə edirdilər. Sən o nağıllardan birisən, sənin nağılın bitəcək, yenə göydən üç alma düşəcək. İndi yaşımızın ahıl vaxtına, daha doğrusu müdriklük zirzəsinə gedirik. Amma elə gəncliyindən fəaliyyətinlə, yazılarınla, seirlərinlə milli şüurun formalaşmasında xidmətlərin böyükdür. Əminəm ki, bu qayəndən, amalından bir addım geri atmayacaqsan. Nə olsun ki, "ömrün payız karvanına qoşulduq", əsl görüləcək işlər hələ bundan sonra da çoxdur. "Ürəyində günəş olsa" zirvələr aşmağa qadir olacağıq.
EŞQ və Təbriklər!

Yunus Oğuz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31