Gələcəyin sütunları: uşaq və gənclərin rolu və inkişafı
20 Fevral 11:03 Sosialİstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaq və gənc yalnız fərd deyil, həm də cəmiyyətin güzgüsüdür. Uşaq sadəcə böyüməkdə olan insan deyil o, təcrübə, maraq və öyrənmə ehtiyacı ilə dolu bir dünyadır. Gənc isə artıq düşüncələri formalaşmış, amma enerjisi və idealları ilə cəmiyyətə yön verən bir şəxsdır. Düşünürəm ki, uşaqlar və gənclər cəmiyyətin həyatında yalnız iştirakçı deyil, həm də hərəkətverici qüvvədir. Cəmiyyətin inkişafı üçün gənclərin rolu əvəzsizdir. Onlar təzə ideyalar gətirir, yenilikləri qəbul edir və gələcəyin problemlərinə yaradıcı həll yolları tapırlar. Məncə, bir cəmiyyət yalnız gənclərinə dəyər verdikdə və onları dinlədikdə inkişaf edə bilər. Gənclər təhsildə, elm və mədəni sahədə aktiv olduqda, cəmiyyətin inkişaf tempi artır.
Müasir dövrdə dövlətimizin gənclərə olan diqqəti də xüsusi qeyd edilməlidir. Ölkəmiz gənclərin inkişafı üçün geniş imkanlar yaradır-təhsil, idman, mədəniyyət və sosial layihələrdə iştiraka şərait yaradır. Dövlət proqramları, həmçinin könüllülük və innovasiya layihələri gəncləri yalnız öyrənmək və böyümək deyil, həm də cəmiyyətə töhfə vermək üçün motivasiya edir. Düşünürəm ki, bu, həm fərdi, həm də milli inkişafın vacib amilidir.
Fiziki inkişaf təkcə sağlamlıq deyil, bu, özünü düzgün ifadə etmək, enerjini idarə etmək və gündəlik həyatda aktiv olmaq deməkdir. Düzgün qidalanma, idman, açıq havada oyun və yuxu rejimi uşağın fiziki inkişafının əsas sütunlarıdır. Mənəvi inkişaf isə bədənin sağlamlığı ilə bərabər önəmlidir. Uşaqlar və gənclər yalnız fiziki deyil, həm də daxili dünyalarını inkişaf etdirməlidirlər. Bu, uşaqların içində empati, yaradıcılıq və məsuliyyət duyğusunu inkişaf etdirmək gələcəkdə cəmiyyətin sağlamlığını təmin edir.
Ümumilli lider Heydər Əliyevin gənclərlə bağlı fikirləri də bu baxımdan çox önəmlidir. Ulu öndər Heydər Əliyev söyləyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir".
Gənclər həm vətənə sevgiyə, həm də elmi biliklərə sahib olmalıdır. Məncə, bu gün də bu prinsip aktualdır: gənclər yalnız təhsillə deyil, həm də könüllülük, sosial layihələr və ictimai fəaliyyətlərlə böyüməlidirlər. Bu fəaliyyətlər onları həm fiziki, həm də mənəvi baxımdan gücləndirir. Müasir Azərbaycan gəncləri artıq yalnız təhsil alan deyil, həm də cəmiyyətin fəal üzvləridir. Könüllü fəaliyyətlər, sosial layihələr, idman və mədəni tədbirlər gənclərin həm fiziki, həm də mənəvi inkişafına şərait yaradır. Düşünürəm ki, bu, onların liderlik bacarıqlarını və məsuliyyət hissini formalaşdırır. Valideynlərin və müəllimlərin rolu burada əvəzsizdir. Uşaqlar yalnız intizam və dərslərlə deyil, sevgi, dəstək və anlayışla inkişaf edirlər. Onlarla danışmaq, onları dinləmək, doğru yolu göstərmək həm fiziki, həm də mənəvi inkişafı dəstəkləyir.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva Olaylar.az-a açıqlama verib:
"Uşaq və gənclərin sağlam fiziki və mənəvi inkişafı üçün ən vacib amillərdən ilk öncə qeyd etmək istərdim ki, yuxu rejimi və düzgün qidalanmadır. Əlavə olaraq, ailə və ətraf mühitlə ünsiyyətin təsiri də uşaq və gənclərimiz üçün çox böyük əhəmiyyət daşıyır. Daha sonra fiziki aktivlik gəlir. Sağlam qidalanmaya diqqət yetirmək inkişaf üçün əsas şərtlərdən biridir. Bundan başqa, psixoloji dəstək də sözsüz ki, bu amillərin içərisində yer alır. Unutmamalıyıq ki, mənəvi sağlamlıq şəxsiyyətin formalaşmasında böyük rol oynayır.
İlk növbədə rəqəmsal asılılığın qarşısını almağa çalışmalıyıq. Bununla yanaşı, ünsiyyəti sağlam şəkildə qurmağa çalışmaq vacibdir. Çünki göstərdiyimiz hər bir səy və atdığımız hər bir addım inkişafın təməlini təşkil edir. Valideyn olaraq biz övladlarımızın yalnız xarici dünyadakı ehtiyaclarını ödəməklə kifayətlənməməliyik. Onların daxili dünyasını, emosional ehtiyaclarını anlamağa çalışmalı, duyğularını nəzərə almalıyıq. Övladlarımıza sevgi və dəyər göstərmək son dərəcə vacibdir. Yəni onların daxili dünyasına da əsaslı yanaşmağımız önəmlidir. Biz övladımıza "Dərslərin necə gedir?" sualını verdiyimiz kimi, "Özünü necə hiss edirsən?" sualını da verməliyik. Hətta əvvəlcə "Özünü necə hiss edirsən?" deyə soruşmaq, daha sonra dərsləri ilə maraqlanmaq daha doğru yanaşmadır. Daxili balansın normal olması, sevgi, diqqət və dəyər ilə tənzimlənməsi uşağın xarici dünyada qarşılaşdığı hadisələrə qarşı daha iradəli və güclü olmasına kömək edir.
İdman məsələsinə gəldikdə isə, uşaq idman vasitəsilə öz gücünü tanıyır. Bu, onun xarakterinin və özünə inamının formalaşmasına kömək edir. Gələcəkdə öz işlərini müstəqil şəkildə görməsinə, özünə güvəninin artmasına böyük təsir göstərir. Bu isə stresslə mübarizə aparmasına və qərarlarını sağlam şəkildə verməsinə kömək edir. Eyni zamanda fiziki aktivlik emosional gərginliyin azalmasına da müsbət təsir edir. Sevgi və diqqətlə böyüyən uşaq mənəvi inkişaf baxımından daha sağlam olur. Bu, onun gələcəkdə özünü doğru ifadə etməsinə, sosial mühitdə aktiv olmasına, özünə inanmasına və iradəli olmasına ciddi təsir göstərir. Belə uşaq sağlam münasibət qurmağı öyrənir. Əksinə, sevgisiz və diqqətsiz böyüyən uşaq özünə inamsız, aqressiv və gərgin olur. Sağlam münasibətlər qurmaqda çətinlik çəkir, qorxuları çox olur və daha çox asosial davranış nümayiş etdirə bilər. Mütləq şəkildə ailə, məktəb və sosial mühit arasında sağlam ünsiyyət qurulmalıdır. Uşaqlar və gənclər bu mühitlərdə bir-biri ilə davamlı əlaqədə olmalıdırlar. Əgər uşağın məktəb dövründə hər hansı bir çətinliyi yaranırsa, bu, valideynə bildirilməlidir. Eyni zamanda ailədə problem varsa, məktəb bundan xəbərdar olmalıdır. Bu iki mühitin qarşılıqlı əlaqədə olması uşağın və ya gəncin özünü tək hiss etməməsinə kömək edir. O, dəstəkləndiyini anlayır və özünü daha güvənli hiss edir".
Uşaqların və gənclərin inkişafına göstərilən diqqət yalnız fərdi deyil, bütün cəmiyyətin rifahını təmin edir. Hər birimiz onların yanında olmalı, onları yönəltməli və dəstək verməliyik. Çünki sağlam və mənəvi zəngin gənclər gələcəyimizin ən güclü sütunlarıdır. Son olaraq, məncə, uşaqlar və gənclər üçün ən vacib mühit onları dinləyən, dəstəkləyən və yol göstərən mühitdir. Fiziki sağlamlıq, mənəvi zənginlik və sosial məsuliyyət birlikdə inkişaf etdikdə, hər bir uşaq və gənc güclü, yaradıcı və müstəqil olur.
Zeynəb Mustafazadə
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.