Azərbaycanda yas mərasimləri qadağan edilir? – Vacib açıqlama
10:06 SosialFevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclasında yas mərasimləri müzakirə olunub. Bildirilib ki, qurum dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və buna dəstək verməyə davam edəcək.
Bu, yas mərasimləri ilə bağlı yekun qanunun veriləcəyindən xəbər verirmi?
Globalinfo.az-a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, bu məsələ uzun müddətdir cəmiyyətdə geniş müzakirə olunur:
"Lakin müzakirələrin intensivliyinə baxmayaraq, hələ də konkret və davamlı nəticələr müşahidə edilmir. Halbuki yas mərasimləri ilə bağlı real irəliləyişə ciddi ehtiyac var. Problemin həlli iki istiqamətdə mümkündür: inzibati müdaxilə yolu ilə və ya vətəndaşların öz təşəbbüsü, məsuliyyəti əsasında. Mən daha səmərəli variant kimi ikinci yanaşmanı, yəni vətəndaşların könüllü və şüurlu iştirakını görürəm. Bu prosesdə əsas alətlərdən biri davamlı maarifləndirmə və ictimai təbliğatdır. Sistemli izah, məlumatlandırma və ictimai dialoq vasitəsilə cəmiyyətin yanaşmasını dəyişmək, müsbət nəticəyə nail olmaq mümkündür".
Deputat bildirib ki, məsələnin həlli qanunvericilik tədbirlərində görülməməlidir:
"İnzibati üsul isə hər zaman gözlənilən effekti vermir. Bəzi hallarda əlavə narazılıq və yeni müzakirələr doğura bilir. Buna görə də problemin sırf inzibati mexanizmlərlə həllini effektiv model hesab etmirəm. Düşünürəm ki, davamlı maarifləndirmə, o cümlədən ictimai məsuliyyətin gücləndirilməsi daha dayanıqlı və uzunmüddətli nəticə verə bilər".