Rəqəmsal texnologiyaların sürətli inkişafı yeni reallıq yaradıb- ÖZƏL

"Müasir dövrdə dünyada baş verən sürətli texnoloji dəyişikliklər dövlətlərin inkişaf modelini köklü şəkildə yenidən formalaşdırır. Rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin gündəlik iqtisadi və ictimai proseslərə inteqrasiyası, böyük verilənlərin idarə olunması imkanlarının genişlənməsi artıq yeni reallıq yaradıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Ənənəvi iqtisadi dayaqlar - təbii resurslar, sənaye istehsalı və klassik xidmət sahələri əvvəlki kimi həlledici üstünlük təmin etmir. İnformasiya texnologiyaları, innovasiya potensialı və rəqəmsal həllər qlobal rəqabətin əsas istiqamətinə çevrilib. Bu kontekstdə Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə irəli sürülən rəqəmsal inkişaf strategiyası ölkəmizin gələcək onilliklər üçün prioritetlərini müəyyənləşdirən mühüm siyasi xətt kimi dəyərləndirilir. Bu strategiya ölkənin uzunmüddətli inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilərək iqtisadiyyatın modernləşdirilməsini və idarəetmənin yenilənməsini hədəfləyir.

Rəqəmsallaşma yalnız texniki yenilik deyil, bütövlükdə idarəetmə fəlsəfəsinin dəyişməsi deməkdir. Dövlət xidmətlərinin elektron mühitə keçirilməsi, məlumatların vahid sistem üzərindən idarə olunması, süni intellekt əsaslı analitik mexanizmlərin qərarvermə prosesinə inteqrasiyası idarəetmədə çevikliyi və şəffaflığı artırır. Elektron hökumət platformalarının inkişafı və xidmətlərin rəqəmsallaşdırılması vətəndaşların dövlət qurumlarına çıxışını asanlaşdırır, vaxt itkisini azaldır və insan faktorundan qaynaqlanan subyektiv halların qarşısını alır. Bu proses vətəndaş-dövlət münasibətlərini daha operativ və səmərəli edir, ictimai etimadı daha da gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31