“Könüllülərin Karyera düşərgəsi” yekunlaşıb

Şəki Olimpiya İdman Kompleksində "Könüllülərin Karyera düşərgəsi" keçirilib.

Layihə "ASAN Könüllüləri" Təşkilatının və "ASAN kadr" karyera mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin və "Coca-Cola Azərbaycan"ın dəstəyi ilə həyata keçirilib. 

Məqsəd gənclərin liderlik və peşəkar bacarıqlarının inkişaf etdirilməsi olub.

Düşərgədə bakalavr təhsilinin sonuncu kursunda təhsil alan tələbələr, magistrantlar, qiyabi təhsil alan şəxslər, həmçinin 29 yaşadək ali təhsilli məzun gənclər iştirak ediblər. Beş gün ərzində onlar liderlik, xaricdə təhsil və karyera inkişafı, komanda quruculuğu, CV-nin hazırlanması, müsahibə simulyasiyası, karyera inkişafında süni intellektin rolu və yumşaq bacarıqlar mövzularında peşəkar təlimlərdə iştirak ediblər. Təlimlərlə yanaşı, sosial fəaliyyətlər, komandalararası oyunlar və interaktiv məşğələlər vasitəsilə iştirakçılar həm öyrənib, həm də faydalı ünsiyyət mühitində vaxt keçiriblər.

Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri düşərgənin gənclərin şəxsi və peşəkar inkişafına verdiyi töhfədən bəhs ediblər.

Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31