TƏKZİB-Olaylar.az saytında dərc olunmuş məqalə ilə bağlı rəsmi açıqlama

Olaylar.az saytında 10 fevral 2026-cı il tarixində dərc olunmuş "Allahşükür Paşazadənin qızının absurd iddiası dirildi - hakim 10 il sonra qərardadla qərarı ləğv etdi" başlıqlı məqalə ilə bağlı maraqlı tərəflərin rəsmi mövqeyi təqdim olunur.

Bildiririk ki, məqalədə məhkəmə prosesinin mahiyyəti və hüquqi əsasları ilə bağlı bir sıra qeyri-dəqiqliklərə və təhrif olunmuş təqdimatlara yol verilmişdir.

Əvvəla, söhbət "10 ildən sonra ləğv"dən deyil. Qəbul edilmiş məhkəmə qərardadı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hüquqi mövqeyinə uyğun olaraq, əvvəllər məhkəmə icraatına cəlb olunmamış, lakin məhkəmə qərarı ilə hüquqları və qanuni maraqları əhəmiyyətli dərəcədə pozulmuş şəxsin üçüncü şəxs qismində prosesə cəlb edilməsini təmin etmək məqsədi daşıyır. Bu mexanizm məhkəmə səhvlərinin araşdırılması deyil, fundamental hüquqların qorunması üçün nəzərdə tutulmuşdur.

Eyni zamanda, mübahisənin predmeti olan 0,20 hektar torpaq sahəsinin Xatirə Salahzadənin dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi məhkəmə aktında da qeyd edilmişdir. Bu baxımdan onun prosesə cəlb edilməsi konstitusion hüquqların təmin olunması xarakteri daşıyır və "absurd iddia" kimi təqdim edilə bilməz.

Məqalədə Seymur Quliyevin mübahisəli torpaq sahəsi üzərində hüququ mübahisəsiz və qəti fakt kimi təqdim edilsə də, qeyd edilməlidir ki, həmin məsələ üzrə məhkəmə icraatı davam edir və mülkiyyət hüququnun hüdudları məhkəmə tərəfindən müəyyən ediləcəkdir.

Bununla yanaşı, materialda Hacı Qalib Salahzadənin guya ərazidə yerləşən tikililəri sökməsi ilə bağlı irəli sürülmüş iddialar heç bir məhkəmə qərarı və ya rəsmi sübutla təsdiqlənmir. Bu cür ittiham xarakterli məlumatların sübutsuz formada təqdim edilməsi hüquqi baxımdan doğru hesab edilmir.

Həmçinin qeyd olunmalıdır ki, məqalədə Xatirə Salahzadənin 2013-cü ildə eyni tələblə iddia qaldırması barədə məlumat faktiki həqiqətə uyğun deyil. Sözügedən iddia 2025-ci ildə qaldırılmış, geri götürülən isə yalnız müvəqqəti təminat tədbiri ilə bağlı ərizə olmuşdur. Bu iki institut hüquqi baxımdan fərqlidir.

Maraqlı tərəflər bildirirlər ki, hüquqi mübahisənin nəticəsi yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər və ictimai rəy tam, dəqiq və balanslı informasiya əsasında formalaşdırılmalıdır.

Olaylar.az redaksiyasından xahiş olunur ki, oxucuların obyektiv məlumatlandırılması məqsədilə bu rəsmi mövqe nəzərə alınsın.

Qeyd

Bu məqalə Qalib Aslan oğlu Salahzadənin və Xatirə Allahşükür qızı Salahzadənin vəkili İbrahim Qasımov tərəfindən təqdim edilən rəsmi mövqeyi əsasında hazırlanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31