Həftənin bu günləri şadlıq saraylarında toy etmək qadağan edildi

İstanbul Toplantı və Şadlıq Sarayları Sahibkarları Palatası müzakirələrə səbəb olacaq qərar qəbul edib.

Milli.Az xəbər verir ki, Türkiyə mediasında, o cümlədən Haber Global-a istinadla yayılan məlumata görə, martın 1-dən etibarən İstanbulda fəaliyyət göstərən şadlıq sarayları, açıq havada toy məkanları və qız istəmə evləri çərşənbə axşamı günləri fəaliyyət göstərməyəcək.

Qərarın əsas məqsədi işçilərin rifahının qorunması, istirahət hüququnun təmin edilməsi və xidmət keyfiyyətinin artırılmasıdır. Bildirilir ki, bu addım həm obyekt sahiblərinin, həm də personalın iş yükünün balanslaşdırılmasına xidmət edəcək. Xüsusilə bir neçə məkana sahib olan sahibkarlar üçün iş prosesinin daha səmərəli təşkili hədəflənir.

Bununla belə, çərşənbə axşamı günü tədbir keçirmək istəyən müəssisələr üçün istisna mexanizm nəzərdə tutulub. Belə hallarda obyektlər vəziyyəti əvvəlcədən yazılı şəkildə Palataya bildirməlidirlər.

Qərara əməl etməyən müəssisələrə qarşı müvafiq tədbirlərin görüləcəyi qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31