Onkoloji sahədə yeni mərhələ başlayır – Maliyyələşmə necə olacaq?

Onkoloji müalicə artıq özəl klinikalarda da mümkün olacaq.

Musavat.com xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişikliklərə əsasən, onkoloji xidmətin yalnız dövlət tibb müəssisələri ilə məhdudlaşdırılması aradan qaldırılacaq. Hazırda "Onkoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə onkoloji xidmət yalnız bu sahə üzrə ixtisaslaşmış dövlət tibb müəssisələri tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir. Eyni zamanda dövlət onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılmasını və onların maddi-texniki bazasının gücləndirilməsini təmin edir.

Qanunvericiliyə əsasən, onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi ilə ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir və bu xidmətlər dövlət büdcəsi hesabına maliyyələşdirilir. Lakin "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi və müalicə müəssisəsini seçmək hüququnu təsbit etsə də, mövcud qaydalara görə onkoloji yardım yalnız dövlət müəssisələrində göstərilə bilir. Bu isə pasiyentin seçim hüququnun faktiki olaraq məhdudlaşmasına səbəb olurdu.

Mövcud qanunvericiliyə görə hər hansı özəl tibb müəssisəsi onkoloji xidmət göstərərsə, bu fəaliyyət lisenziyadan kənar hesab olunur və məsuliyyətə səbəb olur. Digər tərəfdən, ölkədə onkoloji xəstələrin sayının çoxluğu və müalicənin yalnız dövlət büdcəsi hesabına aparılması bir sıra vətəndaşların ölkə xaricində müalicəyə üz tutmasına gətirib çıxarır. Halbuki, ölkə ərazisində müasir avadanlıqlarla təchiz olunmuş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.

Bu səbəbdən qanunvericiliyə dəyişiklik edilərək "Lisenziyalar və icazələr haqqında" Qanunun tələblərinə uyğun şəkildə özəl tibb müəssisələrinə də onkoloji yardım göstərmək hüququnun verilməsi təklif olunub. Dəyişikliklərə əsasən, yalnız onkoloji yardım üzrə müvafiq lisenziyaya malik özəl tibb müəssisələri bu fəaliyyəti həyata keçirə biləcək.

Layihənin qəbul edilməsi nəticəsində vətəndaşlar öz iradələrinə uyğun olaraq dövlət və ya lisenziyalı özəl tibb müəssisəsində müalicə almaq imkanı qazanacaqlar. Bununla da Azərbaycan Respublikasının vətəndaşlarının, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müalicə həkimini və tibb müəssisəsini sərbəst seçmək hüququnun təmin olunacağı gözlənilir. Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bəs onkoloji xidmətlərin özəl klinikalarda göstərilməsi dövlət büdcəsi hesabına olacaqmı, yoxsa vətəndaşlar bu xidmət üçün ödəniş etməli olacaqlar?

Əvvəlki qaydada dövlət tibb müəssisələrində müalicə büdcə hesabına aparılırdı. Yeni dəyişiklikdə özəl sektorun iştirakı nəzərdə tutulsa da, maliyyələşmə mexanizmi hələlik aydın şəkildə göstərilmir.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Bu problem uzun müddətdir müzakirə olunurdu və onun pozitiv həll olunması olduqca təqdirəlayiq haldır. Bu, bir neçə baxımdan faydalıdır. Birincisi, onkoloji xidmətlərin əlçatanlığı artacaq. İkincisi, vətəndaşların, pasiyentlərin seçim imkanları genişlənəcək. Üçüncüsü, tibb müəssisələri arasında yaranacaq rəqabət xidmətin keyfiyyətinin daha da yüksəlməsinə səbəb olacaq".

Maliyyələşmə məsələsinə gəlincə, həkim bildirib ki, sığorta və dövlət maliyyələşmə mexanizmlərinin özəl klinikalarda da tətbiqi məqsədəuyğun olardı və böyük ehtimalla bu istiqamətdə addımlar atılacaq:

"Azərbaycan vətəndaşlarıdır, özəl klinikalar da Səhiyyə və İqtisadiyyat nazirliklərinin lisenziyası ilə fəaliyyət göstərən qurumlardır. Bu baxımdan ayrı-seçkilik kimi yanaşma doğru deyil. Ola bilsin ki, məsələ hələ tam həllini tapmayıb. Amma yaxın gələcəkdə həm sığorta sisteminin, həm də dövlət ödənişlərinin vətəndaşın müalicəsi üçün özəl klinikalarda da tətbiqi zəruridir ki, klinika adekvat şəraitdə bu müalicəni apara bilsin. Çünki bu müalicələr həm olduqca bahalı, həm də uzunmüddətlidir. Əks halda, özəl klinikalarda müalicəyə icazə verilsə belə, bu, praktikada ciddi çətinliklər yarada bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31