Azərbaycanda nə qədər insan banklara borc ödəyir? - VACİB AÇIQLAMA

"Hazırda Azərbaycanda bank sektorunun ümumi kredit portfeli 30 milyard manata yaxındır. Bu məbləğin təxminən 80 faizini biznes və istehlak kreditlərinin payına düşür".

Bu sözləri Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

AQC sədri əlavə edib ki, ipoteka kreditlərinin ümumi portfeldəki çəkisi təxminən 20 faiz civarındadır:

"Əhalinin kredit yükünə gəldikdə isə, müxtəlif statistik məlumatlara əsasən ölkə əhalisinin orta hesabla 20-25 faizinin banklara kredit borcu var. Bəzi mənbələrdə bu göstəricinin 30 faizə qədər yüksəldiyi bildirilir. Ümumilikdə təxminən 3 milyona yaxın vətəndaşın banklardan kredit götürdüyü qeyd olunur ki, bu da əhalinin əhəmiyyətli hissəsini əhatə edir.

İnkişaf etmiş ölkələrdə kreditləşmənin geniş yayılması adətən müsbət iqtisadi göstərici hesab olunur. Çünki kredit mexanizmi iqtisadi artımın, istehlakın və investisiyanın əsas hərəkətverici alətlərindən biridir. Lakin kredit portfelinin həddindən artıq şişməsi, xüsusilə də vətəndaşların ödəmə qabiliyyətinin zəifləməsi gələcəkdə problemli kreditlərin artmasına və maliyyə sabitliyi üçün risklərin yaranmasına səbəb ola bilər".

Vüqar Oruc banklardakı faiz dərəcələri ilə bağlı qeyd edib ki, Azərbaycan region ölkələri ilə müqayisədə orta mövqedədir:

"Məsələn, Türkiyədə kredit faizləri daha yüksəkdir, Rusiyada isə göstəricilər təxminən Azərbaycandakı səviyyəyə yaxındır. Bəzi digər qonşu ölkələrdə isə faizlər bir neçə faiz bəndi aşağı ola bilir.

Hazırda istehlak kreditləri üzrə illik faiz dərəcələri təxminən 10 faizdən başlayaraq 26 faizə qədər yüksəlir. Biznes kreditlərində isə bu aralıq əsasən 13-18 faiz civarındadır. Əlbəttə, həm istehlakçılar, həm də sahibkarlar faizlərin yüksək olmasından tam razı deyil. Lakin faiz dərəcələri yalnız bankların qərarı ilə formalaşmır. Burada milli valyutanın dayanıqlığı, inflyasiya səviyyəsi, ölkənin makroiqtisadi vəziyyəti və pul-kredit siyasəti mühüm rol oynayır.

İqtisadiyyat gücləndikcə və maliyyə sabitliyi daha da möhkəmləndikcə faizlərin mərhələli şəkildə azalması mümkündür. Ancaq cari il üçün faiz dərəcələrinin ciddi şəkildə enəcəyini gözləmək real görünmür. Ümumilikdə kreditləşmə iqtisadi inkişafın vacib elementi olsa da, onun sağlam və balanslı şəkildə idarə olunması əsas şərtdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31