Kommersiya mübahisələrinə  həsr olunmuş dəyirmi masa keçirilib

Bakı Kommersiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə kommersiya mübahisələrinin xüsusiyyətlərinə və aktual məsələlərinə həsr olunmuş seminar - dəyirmi masa keçirilib. Vəkillər Kollegiyasından "Olaylar"a bildirilib ki, tədbiri giriş sözü ilə açan Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov kommersiya mübahisələri ilə bağlı praktiki və nəzəri hüquqi məsələlərin ətraflı müzakirəsi və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Sonra o, çirkli pulların yuyulmasının qarşısının alınması məqsədilə diqqət yetirilməli olan maddi hüquq məsələlərinə, o cümlədən hüquqi şəxslərin yenidən təşkili zamanı hüquqi varisliyin xüsusiyyətləri, universal və xüsusi hüquq qabiliyyətinin fərqləndirilməsinin zəruriliyi, sübutetmə vəzifəsinin yerinə yetirilməsi üçün tələb olunan addımlar, korporativ mübahisələr zamanı məhkəmə baxışının hədləri, sadələşdirilmiş icraat və bir sıra digər məsələlər barədə Məhkəmənin formalaşmış praktikası barədə geniş məlumat vermiş və diqqət yetirilməli olan məqamları vurğulayıb.
Daha sonra Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva qeyd edilən məsələlərlə bağlı Ali Məhkəmənin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi istiqamətində apardığı işlər, habelə məhkəmə aidiyyəti, müvəqqəti təminat tədbirləri, sübutların qiymətləndirilməsi və bir sıra digər maddi və prosessual hüquq məsələlərinin xüsusiyyətləri ilə bağlı Ali Məhkəmənin formalaşmış mövqeyi barədə ətraflı məlumat verib.
Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova tədbirə ev sahibliyi edən Bakı Kommersiya Məhkəməsinə və tədbiri dəstəkləmiş Ali Məhkəmənin Kommersiya Kollegiyasına və Bakı Apellyasiya Məhkəməsinə Vəkillər Kollegiyası adından minnətdarlığını bildirərək, bu cür dialoqun vəkillər tərəfindən yüksək qiymətləndirildiyini və ədalət mühakiməsinin inkişafı və səmərəli təcrübə mübadiləsinin genişləndirilməsi üçün daimi platformaya çevriləcəyinə ümidini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31