Hər damla qan bir həyatı xilas edir - ÖZƏL

Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə keçirilən qanvermə aksiyasında iştirak edib. "Olaylar" xəbər verir ki, bu barədə Millət vəkili özü məlumat verib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara uyğun olaraq, bu sahədə görülən işləri dəstəkləmək məqsədilə Milli Məclisdə keçirilən könüllü qanvermə aksiyasında iştirak etdik.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən insanlara həssas münasibətinin bariz nümunəsi olan Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstəyimizi ifadə etdik.
Belə aksiyalar bir daha sübut edir ki, hər birimizin kiçik bir təşəbbüsü böyük fərq yarada bilər. Könüllü qanvermə yalnız bir insanın həyatını xilas etmir, həm də cəmiyyətimizdə həmrəylik, qayğıkeşlik və sosial məsuliyyət ruhunu gücləndirir. Bu fəaliyyət həm milli həmrəyliyimizin simvoludur, həm də hər bir vətəndaşın humanist missiyasında iştirak etməsi üçün çağırışdır.
Statistikaya görə bu gün Azərbaycanda 400.000 nəfər talassemiya daşıyıcısıdır. Onu da qeyd edək ki, hazırda 5 minə yaxın talassemiyalı xəstələr tibb müəssisələrində qeydiyyatdadır. Fürsətdən istifadə edərək çağırış edirik ki, ehtiyacı olan insanların tələbatına dəstək olmaq üçün hər bir vətəndaş könüllü qanvermə prosesində fəal iştirak etsin. Hər damla qan həyatı xilas edir və ölkəmizdə sağlam cəmiyyətin formalaşmasına töhfə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31