Qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi problemlərin çevik həllinə xidmət edəcək

"Yerli özünüidarəetmənin daha səmərəli və funksional institut kimi formalaşdırılması üçün sistemli islahatların həyata keçirilməsi zəruridir. İlk növbədə, bələdiyyələrin fəaliyyətini kompleks tənzimləyən yeni qanunvericilik bazasının hazırlanması və seçki mexanizmlərinin daha çevik, rəqabətli əsaslarla təşkili məqsədəuyğundur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "İnstitusional sabitliyin təmin edilməsi üçün dövlət qulluqçularının statusuna uyğun sabit bələdiyyə qulluqçuları korpusunun, o cümlədən icra katibliyi və aparat əməkdaşlarının formalaşdırılması vacibdir. Eyni zamanda, iri şəhərlərdə vahid "Böyük şəhər bələdiyyəsi" modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir.
Bələdiyyələrin onlayn iclas keçirmək səlahiyyətinin qanunvericiliklə təsbit olunması, ərazi sərhədlərini əks etdirən xəritələrin rəsmi qaydada təqdim edilməsi idarəetmənin effektivliyini artıracaqdır.
Maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə məişət tullantılarının idarə olunması səlahiyyətlərinin müvafiq resurslarla birlikdə bələdiyyələrə verilməsi, tullantı poliqonlarının iri şəhər bələdiyyələrinin idarəetməsinə ötürülməsi, vergi və icarə haqlarının iqtisadi əsaslarla müəyyənləşdirilməsi, habelə vergi intizamının təmin edilməsi üçün sanksiya mexanizmlərinin tətbiqi nəzərdən keçirilə bilər. Bununla yanaşı, qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi və "Bələdiyyələrin operativ təminat fondu"nun yaradılması yerli problemlərin çevik həllinə xidmət edəcəkdir. Bu tədbirlərin mərhələli icrası yerli özünüidarəetmənin institusional dayanıqlığını artıracaq və idarəetmənin səmərəliliyini təmin edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31