Günay Ağamalının atası ilə bağlı yaydığı bu görüntü tənqid edildi – VİDEO
14:08 SosialMillət vəkili Günay Ağamalının atası Fəzail Ağamalının vəfatı ilə bağlı süni intellekt texnologiyasından (AI) istifadə edərək hazırladığı video diqqət çəkib. Bu paylaşım birmənalı qarşılanmayıb və dini baxımdan düzgün olmadığı da iddia edilib.
Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, süni intellekt artıq həyatımızın hər sahəsini əhatə edib:
"Aİ insanların ağlına belə gəlməyən görüntüləri yarada bilir. Təbii ki, bunlar arasında ölülərə və məzarlıqlara aid olanlar da yer alır. Ümumiyyətlə, elm və texnologiya nə qədər inkişaf etsə də, həyatda dəyişməz dəyərlər mövcuddur. Bunlardan biri də əlbəttə ki, ölüyə olan hörmət, vəfat etmiş insana göstərilən ehtiramdır. İslam dinində də vəfat etmiş insanların ləyaqəti qorunur və onlara hörmətsizlik etmək, təhqir göstərmək qəbuledilməzdir".
İlahiyyatçı bildirib ki, bununla belə, süni intellekt vasitəsilə yaradılan görüntülər bəzən xoşməramlı məqsəd daşıya və islam dini çərçivəsində görünə bilər:
"Lakin ölmüş bir insanın məzardan çıxarılması və ya sonra yenidən qəbirə yerləşdirilməsi kimi səhnələr, qiyamətə aid təsvirlər kimi səhnələşdirilir. Məsələnin mahiyyətini, məsuliyyətini azaltmış kimi görünür. Hər halda, süni intellekt bəzən çox məhrəm, həssas mövzuları da vizuallaşdırır".