Vətənpərvərlik və milli ruhun ən böyük qələbəsi
15:37 Sosialİstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
"Azərbaycanda vətənpərvər gənclər yetişib" deyimi sadəcə bir fikir deyil, son illərin hadisələrinin sübut etdiyi bir reallıqdır. Azərbaycanın müasir gəncliyi həm döyüş meydanında, həm də mülki həyatda öz vətənpərvərliyini ən yüksək səviyyədə nümayiş etdirib. Bu fəxr dolu mənzərəni çoxsaylı amillə xarakterizə etmək olar. 44 günlük Vətən müharibəsi göstərdi ki, müstəqillik dövründə yetişən nəsil milli ideallara nə dərəcədə bağlıdır. Heç vaxt Qarabağı görməyən gənclər həmin torpaqlar uğrunda fədakarlıqla döyüşdülər. Bu, tərbiyənin və milli ruhun ən böyük qələbəsidir. Müasir gənclər vətəni təkcə silahla deyil, həm də elm, texnologiya və idmanla müdafiə edirlər. Beynəlxalq arenalarda dalğalanan bayrağımız, xaricdə təhsil alıb ölkəsinə qayıdan mütəxəssislər, informasiya müharibəsində Azərbaycanın haqlı səsini dünyaya çatdıran gənclər bu missiyanı layiqincə yerinə yetirilər. Gənclər arasında vətənpərvərlik tərbiyyəsi o dərəcədə vüsət alıb ki, hətta müasir gənclərimiz bu missiyanı könüllü həyata keçirməkdə fəxr edirlər. Azərbaycanda formalaşan geniş könüllülük şəbəkəsi gənclərin cəmiyyətə və dövlətə xidmət etmək istəyinin bariz nümunəsidir. Onlar sosial layihələrdə, ekoloji aksiyalarda və dövlət tədbirlərində təmənnasız iştirak edərək vətəndaşlıq borclarını yerinə yetirirlər.
"Vətəni sevmək imandandır" prinsipi Azərbaycan gəncliyinin həyat devizinə çevrilib. Onlar keçmişin mirasını qoruyur və gələcəyin modern Azərbaycanını qururlar. Vətənpərvərlik sadəcə hiss deyil, həm də bir davranış modelidir. Gənclərdə bu ruhu daha da möhkəmləndirmək üçün yanaşma həm emosional, həm də praktik müstəvidə olmalıdır. Eyni zamanda, gənclər rasında vətənpərvərlik ruhunu yüksəltməkdən ötrü bir sıra addımlar atılmalıdır. Bu istiqamətdə atıla biləcək əsas addımlardan biri təhsillə bağlıdır. Mütəxəssislərin qənaətinə görə, buna nail olmaq üçün dərsliklərdəki quru faktları canlı təcrübə ilə əvəz etmək lazımdır. Tarixi məkanlara səfərlər, Şuşa, Ağdam və digər azad edilmiş ərazilərə təşkil olunan məktəbli turları gənclərin torpağa bağlılığını fiziki olaraq gücləndirir. Həmçinin, müharibə veteranları və qazilərin məktəblərdə mühazirələri deyil, səmimi söhbətləri real nümunələr yarada bilər. Məlum olduğu kimi müasir gənclik vaxtının çoxunu internetdə keçirir. Bu baxımdan, vətənpərvərliyi onların dilinə "tərcümə" etməliyik. Milli Məclisin son iclasında deputatlar 16 yaşına çatmamış uşaqların internetə girişinə qadağa qoyulması təklifi ilə çıxış etdilər. Bu təklifə alternativ olaraq qeyd etmək olar ki, milli oyun sənayesi yaradaraq Azərbaycanın tarixini və qəhrəmanlarını əks etdirən keyfiyyətli video oyunların dövriyyəyə buraxılması daha effektli olardı. Tarixi şəxsiyyətlərimiz haqqında qısa, kreativ və maraqlı videolarının dəstəklənməsi məqsədəuyğun olardı.
Vətəni sevmək üçün onu tanımaq lazımdır. Ölkənin coğrafiyasını, mədəniyyətini və mətbəxini dərindən öyrədən layihələr barədə nədənsə düşünülmür. Gənclərə aşılanmalıdır ki, "Vətəni qoru" prinsipi həm də təbiəti qorumaqdan keçir. Gənclər hiss etməlidir ki, onların elmi uğuru həm də ölkənin uğurudur. Beynəlxalq olimpiadalarda qalib gələn gənclərin "milli qəhrəman" kimi təqdim olunmalıdır. Çünki, onlar öz zəkaları ilə dünyanın müxtəlif ölkələrində Azərbaycan bayrağını ucaltmağa nail olublar. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev qeyd edirdi: "Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Prezident İlham Əliyev isə qeyd etmişdir ki, "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər".
Qeyd edək ki, vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, xəmirimiz vətənə məhəbbət hissi ilə yoğrulmalıdır. Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb , bağçada , məktəbdə davam etməli , cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.