“Klassik ədəbiyyatımızın böyük ustadı“ mövzusunda dəyirmi masa keçirilib- ÖZƏL


 Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında  Şəhər 1 saylı tam orta məktəbin  şagirdləri və oxucularla  birlikdə  dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir Əfzələddin Xaqani Şirvaninin 900 illik yubleyi ilə əlaqədar dəyirmi masa keçirilib. "Olaylar" xəbər verir ki, MKS-in əməkdaşı Eldəniz Heydərov Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2026-cı il tarixli sərəncamı və görüləcək işlər barədə məlumat verib.
  MKS-in əməkdaşı Gündüz Manafov şairin həyat və yaradıcılığı haqqında geniş məruzə edərək qeyd  edib ki, Əfzələddin Xaqani Azərbaycanda Nizami Gəncəviyə qədər olan ədəbiyyatın ən parlaq, ən qüdrətli nümayəndəsidir. O, ədəbiyyata yüksək sənətkarlıq, güclü siyasi-ictimai, humanist məzmun gətirmişdir. Xaqani gənc yaşlarından başlayaraq gözəl şeirlər yazmış, həmişə inamın, həqiqətin, gözəlliyin carcısı olmuşdur. Şairin "Mədain xərabələri","Töhvət-ül-İraqeyn","Günəşə xitab", "Qızıla məzəmmət" əsərləri oxucunu heyran  edir. Xaqani Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınıb. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub, qüdrətli bir şair olduğundan, öz dövründə və sonrakı əsrlərdə geniş şöhrət qazanıb. Azərbaycanın və Yaxın Şərqin bir çox adlı-sanlı şairləri onu özünə ustad hesab edib və onun ayrı-ayrı əsərlərinə iftixarla nəzirələr yazıblar.
     Şagirdlər  şairin seçilmiş əsərlərindən parçalar oxuyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31