Oyuncaqdan silaha keçid: Uşaq aqressiyası niyə təhlükəli həddə çatıb?
19:40 SosialAzərbaycanda uşaqlar və yeniyetmələr arasında zorakılıq artıq tək-tək baş verən hadisə yox, cəmiyyəti ciddi şəkildə narahat edən təhlükəli tendensiyaya çevrilməkdədir. Son günlər baş verən iki hadisə bu problemin nə qədər dərinləşdiyini, yaş həddinin nə qədər aşağı düşdüyünü və nəzarətsizliyin hansı fəsadlara yol açdığını açıq şəkildə ortaya qoyur. Ağcabədinin Aşağı Avşar kəndində 2019-cu il təvəllüdlü azyaşlının 12 yaşlı yeniyetmə tərəfindən 19 bıçaq zərbəsi ilə ağır yaralanması, bir gün sonra isə Bakının Binəqədi rayonunda özəl liseyin qarşısında 10-cu sinif şagirdinin atasına məxsus ov silahı ilə müəllimini yaralaması cəmiyyət üçün həyəcan siqnalıdır. Bu faktlar artıq "uşaq davası", "yeniyetmə emosiyası" kimi sadəlövh yanaşmaların yetərsiz olduğunu göstərir. Zorakılığın bu qədər erkən yaşlara enməsi suallar doğurur: Bu uşaqlar bu həddə necə gəlib çatır? Onları bu qədər qəddar davranışa sövq edən nədir? Problemin kökü ailədədirmi, məktəbdədirmi, sosial mühitdəmi, yoxsa bütün bu faktorların təhlükəli bir vəhdətində? Bir vaxtlar zorakılıq deyəndə daha çox böyüklərin dünyasına aid edilən hallar bu gün uşaqların gündəlik reallığına çevrilib. Üstəlik, söhbət təkcə sözlü aqressiyadan, təhqirdən və ya itələmədən getmir, artıq bıçaq, silah və ölüm təhlükəsi yaradan hücumlar gündəmdədir. Mütəxəssislər bildirirlər ki, bu cür hallar təsadüfi deyil və uzun müddət yığılan psixoloji, sosial və ailədaxili problemlərin nəticəsidir. Uşaqların aqressiyanı ifadə etmə forması dəyişib, sərtləşib, təhlükəli həddə çatıb. Onlar emosiyalarını sözlə deyil, zorla ifadə etməyə başlayırlar. Daha qorxulusu isə odur ki, bu davranışlar çox zaman ani impulslarla baş verir və nəticələri geri dönməz olur. Bir anlıq qəzəb, özünü təsdiqləmək istəyi və ya qorxu hissi bir ailənin övladını reanimasiya otağına, bir müəllimi isə silah qarşısında qoyur. Cəmiyyət isə çox vaxt hadisədən sonra reaksiya verir. Sosial şəbəkələrdə qəzəb, ittihamlar, "harada qaldı valideyn nəzarəti?", "məktəb niyə susur?" kimi suallar səslənir. Amma hadisə səngidikdən sonra problem də gündəmdən çıxır. Halbuki bu zorakılıq halları buz dağının görünən tərəfidir. Görünməyən tərəfdə isə empatiya çatışmazlığı, emosional savadsızlıq, psixoloji dəstəyin yoxluğu, ailədaxili gərginliklər, nəzarətsiz sosial media təsiri və məsuliyyətsiz münasibət dayanır.
Bu gün Azərbaycanda uşaqlar arasında zorakılıq təkcə hüquq-mühafizə orqanlarının işi deyil. Bu, ailənin, məktəbin, psixoloji xidmətlərin, media və bütövlükdə cəmiyyətin üzərinə düşən ortaq məsuliyyətdir. Əks halda, bu gün 12 yaşlı uşağın əlində bıçaq gördüyümüz kimi, sabah daha ağır nəticələrlə üzləşmək qaçılmaz olacaq. Problem artıq "başqasının uşağı" problemi deyil, bu, gələcəyin təhlükəsizliyi məsələsidir.
Mövzu ilə bağlı psixoloq Ramidə Oqtayqızı Olaylar.az-a danışıb. Psixoloq bildirib ki, hazırda dünya miqyasında çoxsaylı dəyişikliklər baş verir və bu dəyişən dünyada təbii ki, insan psixologiyası, insan psixikası və psixoloji yanaşmalar da dəyişməyə başlayır. İnformasiya texnologiyalarının sürətli inkişafı da insanlardan yan keçmir. Bu prosesin həm müsbət, həm də mənfi tərəfləri var və nəticə etibarilə insan psixikasının dəyişməsi müəyyən problemlərlə üz-üzə qalır. Xüsusilə yeniyetmələrdə hazırda müşahidə olunan problemlər bir çox istiqamətdə özünü göstərir. Məsələn, aqressiyanın artması, yeniyetməlik dövrünə xas olan "mən" hissinin formalaşması, şəxsiyyətin təşəkkül mərhələsində olan psixoloji gərginlik, tənhalığa meylliliyin artması, ünsiyyətin azalması kimi hallar geniş yayılıb. Yeniyetmələr çox zaman ətraflarında onlara dəstək ola biləcək insanları neqativ tərəfdən görməyə, digər şəxsləri isə ideallaşdıraraq daha pozitiv qəbul etməyə başlayırlar. Eyni zamanda yeniyetmələr arasında digərlərinə bənzəmə, ailədən çox kənar mühitə uyğunlaşma meyli güclüdür. Bu isə bir sıra hallarda ciddi fəsadlara, hətta cinayət törətməyə meylə qədər gətirib çıxara bilər. Bunun əsas səbəblərindən biri yeniyetmənin yaşadığı mühitdir. Buraya küçə mühiti, sinif yoldaşları, dost çevrəsi, idman və ya digər qruplar daxildir. Bu mühitlərdə qurulan münasibətlər və verilən "komandalar" yeniyetmə psixologiyasına mənfi təsir göstərir. Çünki yeniyetmələr həssasdırlar, başqalarına daha tez inanır və daha çox etibar edirlər. Digər mühüm faktor isə sosial şəbəkələrdir. Sosial mediada lazım olan və olmayan informasiyaların nəzarətsiz şəkildə əldə olunması, ailədaxili uzunmüddətli münaqişələr, ailədə psixoloji təzyiqlər, aşağılanma hissi, özgüvənin düzgün formalaşmaması və cəmiyyətə sağlam adaptasiyanın baş verməməsi yeniyetmələrdə aqressiv davranışların artmasına səbəb olur.
Psixoloq qeyd edib ki, müasir dövrdə asılılıqların artması da ciddi problemdir. Narkotik, alkoqol, onlayn kazino, eləcə də oyun asılılığı yeniyetmələr arasında getdikcə geniş yayılır. Oyun asılılığı onların özlərinə deyil, başqalarına bənzəmək istəyi, başqaları kimi davranmaq meyli yaradır. Asılılıq nəticəsində emosional boşluğa düşən yeniyetmələr daha aqressiv, daha emosional olurlar və özlərini təsdiqləmək ehtiyacı hiss edirlər. Bu mərhələdə isə cinayət hallarının baş verməsi labüdləşir. Aqressiya çox zaman valideynlərə deyil, digər insanlara yönəlir. Yeniyetmə öz şəxsiyyətinə toxunulduğunu, aşağılandığını, hörmətsiz münasibətlə qarşılaşdığını düşündükdə müdafiə mexanizmi işə düşür. Təəssüf ki, bu müdafiə mexanizmi bəzən hansısa hadisənin törədilməsinə gətirib çıxarır. Araşdırmalar göstərir ki, azyaşlılarda və yeniyetmələrdə qisas alma hissi adətən keçici olur. Bu hiss ani xarakter daşıyır və uzunmüddətli planlaşdırılmış proses deyil. Məhz bu ani impulslar cinayət törətməyə səbəb olur. Sonradan isə real analiz başladıqda peşmançılıq hissi yaranır. Qəsd hallarının uzunmüddətli olması nadir rast gəlinir, daha çox ani qisas və özünü təsdiqləmə istəyi ön planda olur.
"Bu problemlərin qarşısının alınmasında əsas vasitələrdən biri maarifləndirmədir. Yeniyetmələr arasında psixoloji maarifləndirmə işləri gücləndirilməlidir. Valideyn-övlad münasibətlərinə düzgün yanaşmaq vacibdir. Valideynlər övladlarını daha yaxşı tanımalı, onları başqaları ilə müqayisə etməməli, fərd və şəxsiyyət kimi qəbul etməlidirlər. Təəssüf ki, bu gün valideynlər övladlarında erkən yaşlardan müşahidə olunan narahatlıqlara vaxtında ciddi yanaşmırlar. Bir çox hallarda mütəxəssisə müraciət gecikdirilir, bu hallar uşağın kaprizi, şıltaqlığı və ya həddindən artıq özgüvəni kimi qiymətləndirilir. Nəticədə isə həmin yeniyetmələrdə aqressiv davranışlar dərinləşir və daha ağır fəsadlara yol açır. Valideynlər övladları ilə bağlı daha məsuliyyətli olmalıdırlar. Hər hansı neqativ davranış müşahidə etdikdə ilk növbədə profilaktik söhbət aparmalı, bunun öhdəsindən gələ bilmədikdə isə mütəxəssisə müraciət etməlidirlər. Çünki mütəxəssis valideyn kimi deyil, neytral üçüncü tərəf kimi yanaşır, tənqid etmir, utandırmır, müqayisə aparmır. Bu zaman uşaqlar özlərini daha rahat ifadə edir və problemin həllinə doğru real addımlar atılır", - deyə psixoloq əlavə edib.
Mövzunu psixoloq Sibel Piriyeva da şərh edib. Psixoloqun sözlərinə görə, yeniyetmələrdə baş verən bu hadisələrin səbəbləri əslində çoxşaxəlidir. Burada həm psixoloji, həm də sosial faktorlar mövcuddur: "Xüsusilə asosial davranış göstərən yeniyetmələrdə empatiya çatışmazlığı müşahidə olunur. Bundan əlavə, aqressiyanı idarə edə bilməmək problemi də açıq şəkildə görünür. Bu mövzu ilə bağlı jurnalistlərin yeniyetmələr haqqında ünvanladıqları suallara dəfələrlə cavab verərkən qeyd etmişəm ki, bu davranışların psixo-fizioloji səbəbləri var. Yeniyetməlik dövründə beyində amiqdala daha sürətlə inkişaf edir, lakin prefrontal korteks zəif inkişaf edir. Prefrontal korteks alın payında yerləşir və məhz analiz, məntiq, qərarvermə və düşünmə proseslərinə cavabdeh olan sahədir. Bu hissə təxminən 25 yaşda tam formalaşır. Buna görə də 25 yaşdan sonra insanların daha məntiqli düşündüyünü, qərarlarını daha sakit və düşünülmüş şəkildə verdiyini müşahidə edirik. Yeniyetmələrdə isə prefrontal korteksin zəif, amiqdalanın isə daha sürətli inkişaf etməsi səbəbindən onlar əvvəl hərəkət edir, sonra düşünürlər. Məhz buna görə də böyüklər tez-tez "bu nə ağılsız hərəkətdir?", "ağlın haradaydı?" kimi ifadələr işlədirlər. Valideynlər və digər yetkin şəxslər bu zaman yeniyetmələrə təzyiq göstərirlər, lakin çox zaman bilmirlər ki, bunun psixo-fizioloji əsasları var. Yeniyetmə davranır, sonra düşünür. Bu səbəbdən valideynlər ailə tərbiyəsində övladlarına xüsusilə duyğularını tanımaq və idarə etməkdə dəstək olmalıdırlar".
"Yeniyetmələrdə bu cür halların bu qədər qabarıq şəkildə ortaya çıxmasının sosial səbəblərinə gəlincə, cəmiyyətə diqqət yetirmək kifayətdir. İnsanlar tələsik, aqressiv və gərgindir. Bir çoxunun üzündə gülərüzlük, daxili rahatlıq görünmür. Yaşanan stress və gərginlik artıq həyatın bir parçasına çevrilib. Lakin cəmiyyət olaraq biz bu stressi idarə etməkdə çətinlik çəkirik. Xarici ölkələrdə, xüsusilə ABŞ və Avropa ölkələrində yeniyetmələr yeniyetməlik dövrü başladığı andan bitənə qədər psixoloq dəstəyi alırlar. Çünki yeniyetməlik böhranlı bir yaş dövrüdür, nə tam uşaqdır, nə də yetkin insan. Bu keçid mərhələsi psixoloji dəstəklə daha sağlam şəkildə ötürülür. Bizdə isə valideynlər nə maarifləndirici kitablar oxuyur, nə də övladlarının psixoloji dəstək almasına ciddi yanaşırlar. Nəticədə yeniyetmələr aqressiya içində böyüyürlər. Halbuki çox zaman aqressiyanın arxasında başqa duyğular dayanır. Psixologiyada belə bir anlayış var ki, insanın göstərdiyi aqressiya hər zaman real aqressiya olmaya bilər. Bu, utancaqlıq, qorxu, kədər, iyrənmə və ya başqa bir duyğunun örtülü ifadəsi ola bilər. Yeniyetmə bu duyğuları tanımadığı və ifadə etməyi bacarmadığı üçün aqressiya ilə reaksiya verir. Asosial davranış göstərən yeniyetmələrin əksəriyyəti həm də məsuliyyətdən yayınan yeniyetmələrdir. Çünki vaxtında onların yaşına uyğun məsuliyyət hissi formalaşdırılmayıb. Duyğularını tanımaq, ifadə etmək və idarə etmək bacarığı əsasən ailədə, valideynlər tərəfindən formalaşdırılmalıdır", - deyə psixoloq əlavə edib.
S. Piriyeva bildirib ki, Ailədaxili münasibətlər bu prosesə birbaşa təsir edir. Uşaq cəmiyyətdə və mühitdə necə davranmalı olduğunu valideynlərindən öyrənir. Ən sadə bir nümunə götürək: bir-iki yaşlı uşaq yıxıldıqda dərhal ətrafdakı böyüklərə baxır ki, onlar necə reaksiya verəcək. Uşaq davranışı müşahidə yolu ilə öyrənir. Davranış anadangəlmə deyil, sosial təcrübə nəticəsində formalaşır. Bu səbəbdən aqressiya da anadangəlmə deyil. Şiddət, kiməsə zərər vermək və digər neqativ davranışlar sonradan öyrənilən davranış formalarıdır.
Lamiyə Cəbrayılova