Bakıda iş saatları dəyişə bilər - 07:00-15:00

Tıxac problemi hələ də həllini tapmayan məsələlərdən biri olaraq qalır. Müxtəlif təkliflər səslənsə də, müəyyən addımlar atılsa da hələ ki, ciddi bir nəticə əldə olunmayıb. Tıxac problemindən danışarkən tez-tez səsləndirilən fikirlərdən biri də iş və dərs saatlarının dəyişdirilməsi ilə bağlıdır.

Dünyada nəqliyyat sıxlığını azaltmaq üçün ən ideal iş saatları aşağıdakı kimi müəyyən edilib:

07:00-15:00 (Erkən başlayanlar üçün)

08:00-16:00 (Standart iş vaxtı)

09:00-17:00 (Ənənəvi iş rejimi)

10:00-18:00 (Gec başlayanlar üçün).

Bəs, bu mexanizm ölkəmizdə də tətbiq oluna bilərmi?

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda iş və dərs saatlarının dəyişdirilməsi ilə bağlı təşəbbüslər var, məsələ gündəmdə olub.Onun sözlərinə görə, bu istiqamətdə real nəticələr əldə olunmayıb. Hətta pandemiya dövründə müvafiq qərarlar verilsə də, onların icrasına ciddi şəkildə əməl olunmayıb.

Ekspert qeyd edib ki, hazırda "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda bu məsələyə yenidən baxılması nəzərdə tutulur:

"İndiki halda dövlət proqramına baxsaq, orada da göstərilir ki, iş və dərs saatları məsələsinə bir daha baxılsın. Ümid edirik ki, bu dəfəki baxış real və müsbət nəticə verəcək".

Ekspert bildirib ki, Bakıda əsas tıxac səbəblərindən biri təhsil sistemi ilə bağlıdır. Onun sözlərinə görə, ali və orta məktəblər bağlı olduqda şəhərdə tıxacın nəzərəçarpacaq dərəcədə azalması bunu sübut edir:

"Bizdə dərs saatları biyabırçılıqdır. Sovet dövründən qalan bir ənənə üzrə formalaşıb. Səhər saat 8-də birinci sinif uşağını yuxulu halda məktəbə aparmaq məcburiyyətində qalırıq. Halbuki buna real ehtiyac yoxdur".

E.Muradlı qeyd edib ki, xüsusilə aşağı sinif şagirdləri tıxac problemini daha da kəskinləşdirir. İzah edib ki, 5-ci sinfə qədər olan uşaqlar əsasən valideynlərin şəxsi avtomobilləri ilə məktəbə aparılır:

"Yuxarı sinif şagirdləri artıq ictimai nəqliyyatdan və ya piyada hərəkətdən istifadə edir. Əsas problem məhz aşağı siniflərdədir və bu da məktəblərin qarşısında ciddi sıxlığa səbəb olur".

Ekspertin fikrincə, problemin həlli üçün dərs və iş saatlarının fərqli rejimə keçirilməsi mümkündür. O, xüsusilə sıx yaşayış məntəqələrində yerləşən məktəblərə fərdi yanaşmanın vacibliyini vurğulayıb:

"Elə bir qərar olmamalıdır ki, bir məktəbə görə bütün ölkə üzrə dərs saatları dəyişsin. Elm və Təhsil Nazirliyi ilə Dövlət Yol Polisi birgə işləyib, konkret tıxac yaradan məktəblər üzrə fərdi qərarlar verə bilər. Fərdi yanaşmalarla müəyyən qədər vəziyyətdən çıxmaq olar".

E.Muradlı əlavə edib ki, bu məsələdə əsaslı və elmi araşdırmalar aparılmadan nəticə əldə etmək mümkün deyil:

"Gözəyarı qiymətləndirmə çıxış yolu deyil. Heç olmasa test rejimində bəzi dəyişikliklər yoxlanılmalıdır. Biz bunu etməmişik, ona görə də vəziyyət dəyişmir. İş saatlarının dəyişdirilməsinə isə çox normal yanaşıram və düşünürəm ki, bu, Bakı şəhərində tıxac probleminin azalmasına müsbət təsir göstərə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31