Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir. "Olaylar" xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub. Məsələ birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, hər bir uşaq doğulduqdan sonra onun doğumu Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla (Azərbaycanda doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq, o cümlədən valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan vətəndaşı hesab edilmir) vətəndaşlıq əldə edir. Sənəddə vurğulanıb ki, uşağa ad Ailə Məcəlləsinə uyğun olaraq veriləcək.

Qanun layihəsində o da qeyd olunub ki, bu, dövlət məqsədlərindən, formalarından və üsullarından asılı olmayaraq, uşaqların oğurlanmasının, alverinin və qanunsuz olaraq yerdəyişməsinin (o cümlədən daimi yaşayış ölkəsinə qaytarılmasının) qarşısını alacaq. Xatırladaq ki, qüvvədə olan eyni adda qanuna əsasən, uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31