Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən ərəblərin sonu necə OLDU?
13:06 SosialŞəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən üç Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan qərardan apellyasiya şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən ərəblərin vəkilləri müvəkkilləri barədə olan cinayət işinin xitamını istəsələr də məhkəmə vəsatəti təmin etməyib, cinayət işinin məhkəmə baxışına verilməsinə dair qərar qəbul olunub.
Məhkəmənin baxış iclası fevralın 17-də keçiriləcək.
Qeyd edək ki, Səbail rayon Məhkəməsinin hökmünə əsasən, müttəhimlərin hər biri 2 il müddətinə azadlıqdan məhrum olunub. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Təqsirləndirilən şəxslər cəzaları bitdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaqlar.
Xatırladaq ki, ötən il avqustun 17-də üç nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Onların avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.