Yazıçı-publisist İlham Əliyevin “Kabuldan əsən külək” romanı çapdan çıxdı

Yazıçı-publisist İlham Əliyevin yeni kitabı çapdan çıxıb. "Kabuldan əsən külək" romanı Əfqanıstanda çətin və məşəqqətli yolun başlanğıcında olan gənc bir əfqan qadının mübarizəsindən bəhs edir. Əsərin qəhrəmanı Berfada, yeganə övladını qorumaq naminə doğrulub böyüdüyü doğma kəndini tərk etməyə məcbur qalır. Yolu naməlum, gələcəyi məchul olan bu səfərdə o, ən sərt qadağaların hökm sürdüyü bir cəmiyyətdə qadın olmağın çətinlikləri ilə sınanır. Berfada, öz ləyaqətini qorumaq və övladına işıqlı bir gələcək bəxş etmək üçün qorxularına meydan oxuyur. Heç vaxt kəndindən kənara çıxmayan gənc ananı böyük şəhərdə gözlənilməz sınaqlar qarşılayır. Berfadanın hekayəsi təkcə əfqan qadınlarının deyil, müharibə və qarşıdurmaların kölgəsində qalan bütün dünya qadınlarının mübarizəsinin rəmzidir.

Yazıçı-publisist İlham Əliyev 1968-ci il aprel ayının 19-da Şamaxı rayonunda anadan olub. 3 övladı var, ixtisaca hüqüqşünasdır, jurnalist fəaliyyəti ilə məşğuldur. "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi", "Qanlı vadi", dünyaca tanınmış akademik Həsən Əliyevin elmi yaradıcılığına, zəngin həyat və fəaliyyətinə həsr olunan "İnsanlığa xidmət", "İncə dərəsi", "Gecənin rəngi", "Malayziyada açılan səhər" kimi publisistik əsərlərin və romanların müəllifidir. Ermənilərin 200 il ərzində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı əməllərini kifayət qədər faktlarla sübuta yetirən "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" kitabı Rusiya Federasiyasında rus dilində tərcümə olunaraq yayılıb. Bir neçə elmi, publisistik və bədii kitabın redaktoru və on söz müəllifidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2015-ci il də "Tərəqqi" medalı, 2021-ci ilin noyabr ayında isə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31