Müəllimini güllələyən şagirddən sonra gündəm oldu – Yeni qadağa gəlir?

Bakıda "İdrak" liseyində müəllimini güllələyən şagirdin "TikTok" paylaşımları narahatlıq yaradıb. Bildirilir ki, şəxsi hesabdakı "repost"ların əksəriyyəti 2018-ci ildə Krımda Kerç Kollecinə hücum edən Vladislav Roslyakovla bağlıdır. Həmin hücum zamanı 19 nəfər həyatını itirmişdi. Bu kontekstdə bir sıra suallar ortaya çıxır.

Niyə "İdrak" liseyinin şagirdi məhz riyaziyyat müəllimi Şəhla Kamilovaya atəş açıb? Bu hadisə ilə bağlı ictimaiyyətə açıqlanmayan hansısa detallar varmı?

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov məsələyə fərqli kontekstdə yanaşmaq lazım olduğunu deyib.

Onun fikrincə, problemin kökündə sosial şəbəkələrin gənclərin psixologiyasına təsiri dayanır:

"Bu gün sosial şəbəkələr gənclərin şüuruna ciddi təsir göstərir və maraqlısı odur ki, biz bunun fərqindəyik. Bunu konkret şəxslə bağlamaq düzgün deyil. Təəssüf ki, gənclərin bir hissəsi kriminal aləmi nümunə kimi götürərək öz həyatlarında tətbiq etməyə çalışır. Sosial şəbəkələr, ayrı-ayrı belə platformalar gənclərimizin düşüncəsinə ciddi şəkildə təsir göstərir. Biz gənclərimizi necə qorumağın yollarını düşünməliyik. Necə edək ki, onlar bu cür təsir altına düşməsin? Əvvəl də demişdim ki, uşaqların sosial mediaya sərbəst çıxışı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Əgər bunu etməsək, gələcəkdə bir sıra problemlərlə üzləşəcəyik. Ona görə də bu haqda fikirləşməli və sistemimizi buna uyğun qurmalıyıq".

Deputat bildirib ki, bəzi gənclər bu cür videolara baxaraq özlərini "qəhrəman" kimi göstərməyə çalışırlar:

"Bəzən də bunu dərk etmədən təsir altına düşürlər. Ona görə məktəblərdə, ailələrdə tərbiyə işi gücləndirilməlidir ki, onları bundan uzaqlaşdrımaq mümkün olsun. Belə tədbirlər görülməsə, qarşıdakı dövrdə oxşar hadisələrin şahidi ola bilərik. Bu isə narahatlıq doğuran məsələdir. Bu istiqamətdə davamlı addımlar atmaq, səyləri gücləndirmək və gənclərin qorunması üçün konkret işlər görmək vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31