Tanınmış psixoloq ölkəni ÇALXALAYAN OLAYDAN danışdı: “Məsuliyyətdən qaça bilməzsiniz!”
13:45 Sosial"İdrak" liseyində baş verən hadisə cəmiyyətdə bir çox sual yaratdı. Uşaqların aqressivləşməsinə səbəb nədir? Faciənin qarşısı alına bilərdimi? Məsuliyyət kimin üzərindədir?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov hesab edir ki, rəqəmsal platformalarda, televiziyada və gündəlik mühitdə kriminal davranışın normallaşdırılması yeniyetmənin düşüncə və hiss dünyasını zəhərləyir.
Musavat.com-a açıqlamasında R.Nəcəfov vəziyyəti belə şərh edib:
"Zorakılıq çıxış yolu kimi təqdim olunur. Aqressiya güc kimi göstərilir. Empatiya zəifləyir. Sərhəd hissi itir. Bu mühit yeniyetmənin psixikasına səssiz şəkildə təsir edir və riskli davranışı adi seçimə çevirir. Amma hər aqressiv yeniyetmə silaha əl atmır. Odlu silahla müəllimə hücum adi hirslənmə deyil. Bu, ağır siqnaldır. Burada emosional partlayışdan çox nəzarətin itməsi, sərhədlərin tanınmaması, risk düşüncəsinin formalaşması görünür. Xüsusilə impuls nəzarəti zəif olanlarda, davranış pozuntusu olanlarda, psixi risk əlamətləri görünənlərdə bu təsir fon deyil, alovlandırıcı faktora çevrilir. Vaxtında ciddiyə alınmayan əlamətlər bir qığılcımla faciəyə çevrilə bilir. Belə hallarda məktəb məsuliyyətdən qaça bilməz. Risk siqnalı görünən kimi prosedur işə düşməlidir. Qiymətləndirmə aparılmalıdır. Müdaxilə təmin edilməlidir.
"İdrak" liseyinin 10-cu sinif şagirdinin güllələdiyi müəllim Şəhla Fəqani qızı Kamilova
Təhlükəsizlik məsələsi daxili söhbət və formal tənbeh ilə bağlana bilməz. Məktəb müəllimi, şagirdi və məktəb mühitini qorumaq üçün qərarlı davranmalıdır.
Valideyn də məsuliyyəti kənara ata bilməz. Ört-basdır problemi həll etmir, onu böyüdür. Risk gizlədildikcə məsələ bir ailənin çərçivəsindən çıxır. Məktəbin, müəllimin, digər uşaqların təhlükəsizliyinə çevrilir. Şəxsi rahatlıq və ailə imici ümumi təhlükəsizlikdən üstün tutulanda nəticə dəyişmir. Bir yerdə deyil, hamı üçün yanır".
Psixoloqun fikrincə, bu vəziyyətin kökündə daha geniş məsələ dayanır:
"Cəmiyyət illərdir sərhəd, məsuliyyət, intizam anlayışını zəiflədir. Hamı hadisədən sonra sərt danışır. Hadisədən əvvəl isə riskə göz yummaq daha asan görünür. Başqasını qınamaq məsuliyyəti azaltmır. Əksinə, problemi dərinləşdirir. Sağlam cəmiyyət fərdi marağın çoxluğu ilə yox, qaydaya hörmətin çoxluğu ilə qurulur. Qayda işləməyəndə, institutlar susanda, cəzasızlıq vərdişə çevriləndə zorakılıq danışır. Məktəbdə nizamın, küçədə təhlükəsizliyin, evdə tərbiyənin üzərində hüquq dayanmayanda sərhədlər dağılır. Kollektiv təhlükəsizlik şüara çevrilir. Təhlükə isə real olur.
Media və sosial şəbəkələr bu dağınıqlığı daha da ağırlaşdırır. Saxta mütəxəssis çıxışları, məsuliyyətsiz məsləhətlər, zorakılığı şişirdən təqdimatlar və kriminalı şouya çevirən kontent gəncə yanlış siqnal verir. Zorakılıq görünən, danışılan, normal sayılan şeyə çevrilir. Reytinq naminə aqressiyanı normallaşdırmaq birbaşa ictimai təhlükə yaradır. Bu mənzərə təsadüf deyil. Bu, məsuliyyətin gecikdirilməsinin, riskin kiçildilməsinin, qaydanın zəiflədilməsinin nəticəsidir. Əvvəl söz korlanır, sonra düşüncə, daha sonra davranış və faciə baş verir".