Fazil Mustafa Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru ilə görüşüb
18:09 SosialAzərbaycan Respublikasının Milli Məclisnin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qardaş Türkiyənin Kilis 7 Aralık Üniversitesinin rektoru Zekeriya Akman və həmin universitetin "Kilisli Müəllim Rıfat" Təhsil fakültəsinin dekanı Şahin Əhmədoğlu ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin "Şuşa Bəyannaməsi", o cümlədən qardaşlıq və strateji müttəfiqlik ruhunda inkişafı fonunda elm, təhsil, ictimai institutlar və mədəni dəyərlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Özəlliklə ali təhsil müəssisələri arasında bağların genişləndirilməsi, birgə elmi layihələrin təşviqi, müəllim və tələbə mübadiləsi, eləcə də humanitar və sosial elmlər sahəsində ortaq təşəbbüslərin gerçəkləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Komitə sədri Fazil Mustafa çıxışında vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında münasibətlər yalnız siyasi müttəfiqliklə məhdudlaşmır, eyni zamanda ortaq tarixi yaddaş, mədəniyyət, dil və mənəvi dəyərlər üzərində qurulan dərin bir birlik modelini ifadə edir. Bu baxımdan universitetlər və akademik çevrələr iki ölkə arasında bağların daha da möhkəmlənməsində önəmli rol oynayır.
Görüş zamanı dövlət-din münasibətləri, ictimai iştirakçılıq, maarifləndirmə və vətəndaş cəmiyyəti institutlarının inkişafı mövzularında fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu sahələrdə elmi yanaşma və təcrübə mübadiləsi həm Türkiyə, həm də Azərbaycan cəmiyyətləri üçün qarşılıqlı fayda yarada bilər.
Kilis 7 Aralık Universitetinin rektoru Prof. Dr. Zekeriya Akman Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayaraq, universitetlərarası əlaqələrin genişləndirilməsinin, özəlliklə təhsil modellərinin müqayisəli öyrənilməsi və mədəniyyətlərarası dialoqun inkişafı baxımından önəmini qeyd edib.
"Kilisli Müəlllim Rıfat" Təhsil fakültəsinin dekanı Prof. Dr. Şahin Əhmədoğlu isə kadr hazırlığı sahəsində Azərbaycan ali məktəbləri ilə birgə proqramların, seminar və konfransların keçirilməsinin təhsilin, bu vəsilə ilə vətəndaş cəmiyyəti institutlarının keyfiyyətinin yüksəldilməsinə töhfə verə biləcəyini bildirib.
Görüş səmimi və işgüzar ortamda keçib. Tərəflər gələcəkdə akademik, elmi və ictimai sahələrdə əməkdaşlığın konkret layihələr əsasında davam etdirilməsinin vacibliyini vurğulayıb. Təmasların Azərbaycan-Türkiyə qardaşlığının humanitar və elmi müstəvidə daha da dərinləşməsinə xidmət edəcəyi vurğulanıb.
Komitə sədri ötən il çıxmış yeni kitablarını qonaqlar üçün imzalayıb. Rektor da öz növbəsində universitetin xatirə hədiyyəsini Fazil Mustafaya təqdim edib.