“Maraqlı və həm də müsbət hadisələrlə üz-üzəyik”-Nadir Adilov

"Mediasiyanın yeni fəaliyyətə başladığı ilk illərdə vətəndaşları Qanunu tam tətbiq etməkdən çəkindirən qüvvələr onları təhrik edərək vətəndaşa media­siya təşkilatından, mediatorlardan "get, arayışını al, gəl" deyib, mediasiya proseslərini provokasiya və sabotaj edirdilər. Yəni Qanunun tətbiqi imkanlarını bilərəkdən süni əngəllərlə məhdudlaşdırıb, gözdən salmaq və vətəndaşı süründürməklə hüquq problemi olan vətəndaşdan müəyyən maddi nemətlər əldə etməyi hədəfləyirdilər. Çünki burada tətikləyici dırnaqarası hüquq xidmətləri göstərən şəxslərin, qüvvələrin tamah məqsədli subyektiv fikirləri də müəyyən təsir edirdi". "Olaylar" xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib: "İndi isə sevindirici hal ondan ibarətdir ki, yaxşı mənada iş yükümüz bir qədər artsa da, mediasiyaya müraciət edən tərəflərin şikayətləri artıq "niyə qarşı tərəf arayış alıb və barışıq sazişi üçün şansım olmayıb?" sualı ətrafında formalaşır.
Bu əslində çox ciddi və əlamətdar nəticədir. Çünki tərəflər artıq mediasiyadan yalnız arayış almaq üçün deyil, aralarındakı mübahisəni anlaşma və barışıq sazişi vasitəsilə həll etmək üçün istifadə edirlər.
Bəs barışıq sazişinin əldə olunmamasına səbəb ola biləcək provokativ təsirlər varmı? Əlbəttə ki, olub və var. Lakin əminəm ki, dövlətimizin siyasi iradəsi və vətəndaşımızın maarifləndirilməsi sayəsində bu təsirlər də aradan qalxacaq.
Azərbaycan Respublikasında "Mediasiya haqqında" Qanunun tam gücü ilə tətbiqi sayəsində barışıq sazişlərinin 2025-ci ildəki 47.4% uğurlu nəticəsinin 2026-cı ildə daha yüksək göstəriciyə çatmasının şahidi olacayıq.
Barışıq sazişlərinin imzalanması prosesində iştirak edən bütün peşəkar hüquqşünaslarımızın yüksək hüquq mədəniyyəti qarşısında baş əyir, bu proseslərə töhfə verən hər bir vətəndaşımıza dərin təşəkkürümü bildirirəm.
Uzlaşmaq gözəldir. Uzlaşın ki, nəticəniz olsun"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31