"Wi-Fi"nız varsa, izlənə bilərsiniz - XƏBƏRDARLIQ

Alimlər "Wi-Fi" siqnallarından istifadə etməklə insanların hər hansı elektron cihaz daşımadan belə izlənilə biləcəyini açıqlayıb. Yeni araşdırma bu texnologiyanın ciddi məxfilik riskləri yaratdığını göstərir.

Sfera.az xəbər verir ki, Karlsruhe Texnologiya İnstitutu (KIT) tərəfindən aparılan tədqiqat "Wi-Fi" şəbəkələrinin görünməz nəzarət alətinə çevrilə biləcəyini ortaya qoyub.

Mütəxəssislərin bildirdiyinə görə, radio şəbəkələrində yayılan siqnalların passiv şəkildə qeydə alınması ilə insanların görüntülərini formalaşdırmaq mümkündür.

Qeyd olunub ki, bu yeni izləmə üsulu şəxsin üzərində mobil telefon, ağıllı saat və ya digər elektron cihazların olmasını tələb etmir. Mühitdə yayılan radio dalğalarının insan bədənindən əks olunması nəticəsində yaranan naxışlar süni intellekt tərəfindən analiz edilir və kamera görüntüsünə bənzər təsvirlər əldə olunur.

Araşdırma müəllifləri evlərdə və ictimai məkanlarda istifadə edilən adi "Wi-Fi" modemlərinin belə "səssiz müşahidəçi" rolunu oynaya biləcəyini vurğulayıblar.

197 nəfərin iştirakı ilə aparılan sınaqlarda şəxslərin kimliyinin demək olar ki, 100 faiz dəqiqliklə müəyyən edilə bildiyi sübut olunub. Xüsusi avadanlıq tələb etməyən və mövcud şəbəkə infrastrukturu üzərindən işləyən bu texnologiya mütəxəssislər arasında ciddi narahatlıq yaradıb.

Tədqiqat qrupu bu üsulun avtoritar rejimlər və ya pis niyyətli şəxslər tərəfindən sui-istifadə oluna biləcəyini bildirərək, yeni "Wi-Fi" standartlarında təcili qoruyucu mexanizmlərin tətbiq olunmasını tələb edir.

KIT-in İnformasiya Təhlükəsizliyi və Etibarlılıq İnstitutunun (KASTEL) professoru Torsten Ştrufe bildirib ki, radio dalğalarının yayılmasını müşahidə etməklə həm mühiti, həm də orada olan insanları "görmək" mümkündür:

"Bu texnologiya adi kamera kimi işləyir. Fərq ondadır ki, tanıma prosesi işıq dalğaları ilə deyil, radio dalğaları vasitəsilə həyata keçirilir. Buna görə də şəxsin üzərində "Wi-Fi" cihazının olub-olmamasının heç bir əhəmiyyəti yoxdur".

Professor əlavə edib ki, "Wi-Fi" şəbəkəsi olan bir kafenin qarşısından mütəmadi keçən şəxslər fərqində olmadan tanına və sonradan dövlət qurumları və ya şirkətlər tərəfindən izlənilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31