Baş Prokuror vakant yerlərə müraciət edən namizədlərin çatışmazlıqlarını açıqladı
12:17 SosialHər il prokurorluq orqanlarında işə qəbul üçün elan edilən 50 vakant yerə təxminən 500-ə yaxın namizəd müraciət edir, lakin onların yalnız 10%-i tələblərə cavab verir. Bunu Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev bildirib.
Olaylar.az xəbər verir ki, "Namizədlərin əksəriyyətində nəzəri biliklər var, lakin praktiki bacarıqlar kifayət deyil. Hüquq yalnız qanun mətnini bilmək deyil, onun fəlsəfəsini və tətbiq mexanizmini anlamaqdır," - Əliyev qeyd edib.
Baş prokuror bildirib ki, hüquqşünasların hazırlanmasında tənqidi düşüncə, real iş təcrübəsi və istintaq bacarıqları əsas prioritetlərdən biri olmalıdır.
Əliyev süni zəka və rəqəmsal texnologiyaların hüquq-mühafizə sisteminə təsirinə də toxunub.
Onun sözlərinə görə, elektron cinayət icraatı və rəqəmsal sübut mexanizmləri üzrə yeni qanun layihələri hazırlanır və yaxın dövrdə tətbiq olunması planlaşdırılır.
"Texnologiyalar hüquqşünası əvəz etmir, lakin onun imkanlarını genişləndirir. Süni zəka insan zəkasından üstün deyil, əksinə, onu gücləndirir," - Baş prokuror vurğulayıb.
O əlavə edib ki, bu sahədə hüquqi çərçivənin vaxtında formalaşdırılmaması gələcəkdə həm istintaq, həm də məhkəmə proseslərində problemlərə səbəb ola bilər.
Kamran Əliyevin sözlərinə görə, cinayətkarlıqla mübarizədə yalnız cəza mexanizmləri deyil, təhlükəsizlik, hüquqi maarifləndirmə və preventiv tədbirlər də həlledici rol oynayır.