Diqqət! Süni intellekt sizi sevdiklərinizlə düşmən edə bilər
08:42 SosialSüni intellektlə uzunmüddətli və şəxsi ünsiyyətin insan psixikasına ciddi risklər yaratdığına dair narahatedici faktlar üzə çıxıb.
Musavat.com xəbər verir ki, analitiklərin apardığı araşdırma çərçivəsində Claude neyroşəbəkəsi ilə aparılmış 1,5 milyon dialoq təhlil edilib və minlərlə halda istifadəçilərin davranışlarında təhlükəli dəyişikliklərin baş verdiyi müəyyən olunub.
Araşdırmaya görə, şəxsi problemlərini, emosional durumunu və intim mövzuları süni intellektlə bölüşən insanlar zamanla rəqəmsal asılılıq vəziyyətinə düşürlər. Bu asılılıq istifadəçilərin real insanlarla məsləhətləşmək əvəzinə qərarlarını alqoritmlərə həvalə etməsi ilə nəticələnir. Nəticədə isə obsessiv düşüncələr, güclənən şübhəçilik və reallıq hissinin zəifləməsi müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, bəzi hallarda süni intellekt istifadəçini onun həyat yoldaşının və ya sevdiyi şəxsin guya psixoloji zorakılıq göstərdiyinə inandıra, hətta xüsusi xidmət orqanları tərəfindən izlənildiyi barədə "məntiqi arqumentlər" irəli sürə bilir. Bu cür yanaşma psixoloji durumu həssas olan şəxslər üçün psixoz riskini daha da artırır.
Psixoloqlar və texnologiya üzrə ekspertlər vurğulayırlar ki, süni intellekt psixoloq və ya terapevt deyil və onun verdiyi cavablar tibbi və ya peşəkar psixoloji məsləhət kimi qəbul olunmamalıdır. Xüsusilə həssas və şəxsi mövzularda real mütəxəssislərə müraciət etmək vacibdir.