SOS: Uşaqların qənimi olan BƏLA – İki dəfə artıb

Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Bunu Milli Məclisin plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Deputat qeyd edib ki, 2024-cü ildə 73 875 beş nəfər olub. 24 il ərzində yoluxanların sayı təxminən 3,5 dəfə artıb.

"Ən narahatedici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10, 6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricilərdir. Və əlbəttə ki, bir Mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə xidmət göstərməkdə çətinlik çəkir. Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaqdır".

Deputatın fikrincə, dəyişiklik bu sahədə tibbi resursların artmasına səbəb olacaq. "Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər. Lakin həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir" - o sonda bildirib.

Artımın səbəbləri nədir bəs?

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov Musavat.com-a deyib ki, onkoloji xəstəliklərin həm böyüklər, həm də uşaqlar arasında sürətlə artması və cavanlaşması müşahidə olunur. Onun fikrincə, bu artımın arxasında bir sıra obyektiv faktorlar dayanır: "Xüsusilə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasında əsas səbəblərdən biri qidalanmanın düzgün olmamasıdır. Uşaqlar arasında onkoloji xəstəliklərin artımında qidalanma faktoru 40-50 faiz təşkil edir".

Mütəxəssis digər mühüm səbəblər arasında hərəkətsizlik, stress amili və müxtəlif travmalar dayandığını vurğulayıb: "Bu faktorların cəmi son dövrlərdə uşaqlar arasında onkoloji xəstəliklərin sürətlə artmasına gətirib çıxarır. Qidalanma dedikdə isə əsasən fast-food məhsulları, hazır və yarımfabrikat qidalar, sosiska və kolbasa məhsulları, dönər, hamburger, qazlı və energetik içkilər nəzərdə tutulur".

Onkoloq xüsusi olaraq qeyd edib ki, son illərdə həm uşaqlar, həm də qadınlar arasında elektron siqaretlərin istifadəsi xeyli artıb: "Orta məktəblərdə aparılan müşahidələr göstərir ki, həm ənənəvi tütün məmulatlarından, həm də elektron siqaretlərdən istifadə halları həddindən artıq çoxalıb. Bu sahədə ciddi nəzarət tədbirləri görülsə, uşaqlar arasında onkoloji xəstəliklərə tutulma riskinin azaldığını müşahidə etmək mümkündür". Onun sözlərinə görə, digər mühüm faktor isə ətraf mühitin ciddi şəkildə çirklənməsidir: "Statistik göstəricilərə nəzər salsaq, xüsusilə Bakı şəhərində son illər avtomobillərin sayının artdığını görərik. Bunlardan atmosferə yayılan qazlar kanserogen maddələrdir və onların təsiri uşaqlar arasında onkoloji xəstəliklərin sürətlə artmasına səbəb olan əsas amillərdən biri hesab olunur".

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il dünyada təxminən 400 min uşaq və yeniyetməyə xərçəng diaqnozu qoyulur. Bu rəqəm yüksək görünsə də, ölkələr arasında ciddi fərqlər var. Daha inkişaf etmiş səhiyyə sisteminə malik ölkələrdə uşaqlarda xərçəng halları statistik olaraq daha çox qeydə alınır. Bu, həmin ölkələrdə xəstəliyin mütləq daha çox olması demək deyil, sadəcə diaqnozun daha tez və dəqiq qoyulması ilə bağlıdır.

Uşaqlar arasında xərçəng hallarının ən çox qeydə alındığı yerlər əsasən Şimali Amerika, Avropa ölkələri, Avstraliya və Yeni Zelandiyadır. Məsələn, ABŞ və Kanada kimi ölkələrdə uşaqlarda xərçəng halları (yəni hər 100 min uşağa düşən yeni hallar) bir çox Asiya və Afrika ölkələrindən daha yüksəkdir. Bunun əksinə olaraq, Afrikanın və Asiyanın bəzi bölgələrində rəqəmlər aşağı görünür, amma bu, çox vaxt zəif səhiyyə infrastrukturu, diaqnostika çatışmazlığı və rəsmi qeydiyyatın tam aparılmaması ilə əlaqədardır.
Vacib məqamlardan biri də odur ki, inkişaf etmiş ölkələrdə uşaqlarda xərçəngdən ölüm halları son illərdə azalır. Müasir müalicə üsulları sayəsində bir çox uşaq sağ qalır və uzunmüddətli həyat sürür. Aşağı və orta gəlirli ölkələrdə isə problem daha ciddidir: diaqnoz gec qoyulur, müalicə imkanları məhdud olur və buna görə ölüm riski daha yüksək qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31