“Ömrü boyu 3 ağac əkməyən insanlar 40 illik ağaclara necə qıyırlar?”- Ekoloq həyəcan təbili çaldı- ÖZƏL

Son vaxtlar paytaxt Bakıda ağacların kəsilməsi ilə bağlı şikayətlər çoxalıb. Bu günlərdə paytaxtın Ağ Şəhər adlanan ərazisində "yaşıl soyqırım" həyata keçirilib. Sakinlər bildirib ki, bir gecənin içində böyük bir ərazidə olan ağacları məhv ediblər. Şikayət əsasında ağac kəsənlər saxlanılıb. 
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a bildirib ki, ağackəsənlər ciddi şəkildə cəzalandırılmalıdır: "İnzibati Xətalar Məcəlləsində ağac kəsənlər üçün cərimələr nəzərdə tutulur. Görünür cərimələri artırmaq lazımdır. Bakı, Abşeron elə bir yerdir ki, bu ərazidə ağac yetişdirmək çox çətindir. Ağacı əkmək, qulluq etmək, böyütmək üçün illər lazımdır. Bütün dünyada və ölkəmizdə qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə tədbirlər görülür. Yaşıllıqlar salınır, iri şəhərlərdə yaşıl nəqliyyata keçirilir. Azərbaycanın karbon emissiyasının azaldılması ilə bağlı beynəlxalq öhdəliyi var. Son illər bu öhdəliyə uyğun olaraq xeyli işlər görülüb. Bakı və Abşeronda meşələr salınıb, neftlə çirklənmiş ərazilərdə belə bərpa işləri aparılıb, eko-parklar salınıb. SOCAR-ın eko-parkında, Zirədəki eko-parklarda olmuşam, orada görülən işlər göz oxşayır. "Ağ Şəhər"in özündə belə bir zamanlar neft müəssisələri var idi. Ərazi təmizlənib, torpağın münbit qatı bərpa edilib, ağaclar əkilib. İndi o cür çətin şəraitdə yetişdirilən ağacları kəsmək sadəcə ayıbdır. Ulu öndər Heydər Əliyev deyirdi ki, Bakıda ağac əkmək, onu yetişdirmək çox çətindir. Əkilən fidanlar çox çətinliklə böyüyür. Onu küləkdən, quraqlıqdan qorumaq üçün insanlar çox əziyyət çəkir, illərini sərf edirlər. Ona görə də Bakı və Abşeronda hər fidanın, hər yaşlı ağacın qədrini bilməliyik. Adam bəzən təəccüblənir: ömrü boyu 3 ağac əkməyən insanlar 40-50 illik ağaclara necə qıyırlar? Axı meşələr planetin ağciyəri hesab edilir. Hər ağac yüz nəfərin nəfəsi deməkdir. İşbazlara demək istəyirəm ki, nəfəsimizi kəsməyin! Bakının çoxillik ağaclarını quduz tamahınIza qurban etməyin".

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31