Quru dondurmanın zərərləri - Alarkən diqqətli olun - AÇIQLAMA
13:53 SosialSon dövrlər ölkəmizdə populyarlaşan quru dondurmalar (freeze-dried ice cream) əsasən trend və maraq xatirinə istehlak olunur.
Bunu açıqlamasında qida eksperti Fərid Səfərov deyib.
Onun sözlərinə görə, bu məhsulların sağlamlıq üçün tam təhlükəsiz və ya tam zərərli olduğunu demək düzgün olmaz - hər şey tərkibə, istehsal şəraitinə və istifadə tezliyinə bağlıdır.
"Əvvəlcə quru dondurmanın mahiyyətinə baxaq. Bu məhsullar aşağı temperaturda dondurulub, sonra vakuum şəraitində suyunun çıxarılması yolu ilə hazırlanır. Texnoloji baxımdan düzgün aparıldıqda bu proses qidanın strukturunu qoruyur və bakterial riski azaldır. Yəni üsulun özü təhlükəli deyil.
Risk daha çox tərkib və keyfiyyətə nəzarət məsələsindən yaranır. Bazarda satılan quru dondurmaların bir qismi yüksək miqdarda şəkər, süni dadlandırıcılar, rəngləndiricilər və stabilizatorlar ehtiva edir. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan və rəngli, cəlbedici qablaşdırmada olan məhsullarda bu maddələr daha çox olur. Müntəzəm istehlak isə artıq şəkər qəbulu, diş problemləri və maddələr mübadiləsinə mənfi təsir göstərə bilər".
Ekspert qeyd edib ki, digər vacib məqam istehsal və saxlanma şəraitidir.
"Rəsmi qeydiyyatı, etiket məlumatı, istehsalçı ünvanı və uyğunluq nişanı olmayan məhsullarda gigiyenik risklər arta bilər. Quru dondurmalar nəmə məruz qaldıqda mikroorqanizmlər üçün əlverişli mühit yarana bilər və bu da sağlamlıq baxımından təhlükə yaradır.
Quru dondurmanı təbii və faydalı məhsul kimi qəbul etmək də düzgün deyil. Xüsusilə uşaqlarda və həssas qruplarda tez-tez istifadəsi tövsiyə olunmur. Etiket oxumaq, tanınmış istehsalçıya üstünlük vermək və normanı aşmamaq bu cür məhsullardan yarana biləcək riskləri minimuma endirə bilər".