Tikinti şirkətlərinin ən təhlükəli yalanı üzə çıxdı - Məhkəmədən yayınmağın ən qısa yolu

Mənzil almaq istəyirsinizsə, bu yazı sizin üçündür.

Tikinti şirkətindən mənzil alarkən nələrə diqqət etməlisiz? Azərbaycanda minlərlə ailə üçün mənzil almaq sadəcə daş-divar məsələsi deyil, illərin zəhmətinin, yığılan pulun və gələcək planların riskə atılması deməkdir. Tikinti şirkətləri isə bu həssaslığı çox vaxt parlaq reklamlarla, cazibədar endirimlərlə və "tezliklə çıxarış veriləcək" vədləri ilə ört-basdır etməyə çalışırlar. Halbuki mənzil bazarında əsas sual qiymət yox, hüquqi təminatdır.

Təcrübə göstərir ki, tikinti sektorunda problemlər bina hazır olandan, pul tam ödənəndən sonra üzə çıxır. Alıcı isə həmin vaxt artıq zəif tərəfə çevrilir. Bu risklərin qarşısını almağın ən real və hüquqi mexanizmini isə hüquqşünas Əkrəm Həsənov çox sadə və kəskin şəkildə izah edir:

"Tikinti şirkətinin dürüst olmasının yalnız bir meyarı var: sizə satdığı mənzilə mülkiyyət hüququnun qabaqcadan qeydiyyatını həyata keçirməyə hazır olması. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 17-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Yəni bütün sənədlər qaydasındadırsa, tikinti şirkəti bina tikilməmiş də sizə çıxarış ("kupça") verə bilər. Vermirsə, deməli, ya sənədləri qaydasında deyil (tikinti pozuntularla icra olunur), ya da dələduzdur. Sonuncu halda bu o deməkdir ki, mənziliniz bir neçə şəxsə satıla bilər, yaxud artıq satılıb..."

Əkrəm Həsənov qısa şərhində, əslində, yüzlərlə məhkəmə işinin, minlərlə zərərçəkmişin taleyinin hüquqi xülasəsini ortaya qoyur. Qanun açıq şəkildə imkan verdiyi halda tikinti şirkəti qabaqcadan qeydiyyatdan yayınırsa, bu artıq texniki məsələ deyil, təhlükə siqnalıdır.

Əgər tikinti sənədləri qaydasındadırsa, layihə təsdiqlənibsə, torpaq və icazələr hüquqi müstəvidədirsə, şirkətin alıcıya mülkiyyət hüququnu əvvəlcədən rəsmiləşdirməməsi üçün heç bir əsas yoxdur. Bu addım həm alıcını qoruyur, həm də eyni mənzilin bir neçə şəxsə satılması riskini aradan qaldırır. Əks halda isə alıcı sadəcə "sözə inanmış" tərəf kimi qalır. Bu gün mənzilini ala bilməyən, illərlə çıxarış gözləyən, məhkəmələrdə süründürülən insanların sayı təsadüfi deyil. Onların əksəriyyəti eyni səhvi edib: qanuna yox, vədə inanıb.

Ona görə də tikinti şirkətindən mənzil alarkən diqqət ediləsi əsas meyar budur: şirkət sizə tikinti bitməmiş mülkiyyət hüququnun qabaqcadan qeydiyyatını təklif edirmi?

Əgər cavab "yox"dursa, bu artıq ucuz qiymətin, gözəl mənzərənin və parlaq broşürlərin heç bir əhəmiyyəti qalmır. Çünki hüquqi təminat olmayan yerdə ev yox, yalnız risk alınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31