"Reels" izləmək siqaret və içkidən 5 dəfə çox zərərli imiş
20:14 SosialSon illərdə populyarlığı sürətlə artan qısa video platformaları - xüsusilə TikTok və oxşar tətbiqlər - insan beyninin işləmə mexanizminə ciddi təsir göstərir. Aparılan elmi araşdırmalar bu platformaların həddindən artıq istifadəsinin diqqət, yaddaş və özünüidarəetməyə cavabdeh beyin bölgələrində zəifləməyə səbəb olduğunu ortaya qoyub.
Olaylar.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, "Reels" izləmək "alkoqol və siqaretin beynə vurduğu ziyandan 5 dəfə daha çox ziyan vurur. Sürətlə dəyişən və fasiləsiz axan görüntülər beynin mükafat sistemini həddindən artıq stimullaşdırır. Bu proses ani və tez-tez təkrarlanan dopamin artımları yaradır ki, bu da asılılıq mexanizmlərinə bənzər təsir göstərir.
"Popkorn beyni" sindromu nədir?
Alimlər bu vəziyyəti "popkorn beyni" (popcorn brain) anlayışı ilə izah edirlər. Bu termin beynin davamlı stimullaşmaya alışması nəticəsində uzunmüddətli diqqəti qorumaqda çətinlik çəkməsi, dərin düşünmə qabiliyyətinin zəifləməsi, real həyatın normal tempinin "yavaş və darıxdırıcı" kimi qəbul edilməsi ilə xarakterizə olunur.
Araşdırmalara əsasən, qısa video məzmununa tez-tez məruz qalan şəxslər kitab oxumaq, dərsə və ya işə fokuslanmaq kimi fəaliyyətlərdə daha tez yorulur və diqqətini itirir.
Mütəxəssislər vurğulayır ki, texnologiya tamamilə zərərli deyil, lakin nəzarətsiz və həddindən artıq istifadə beynin təbii işləmə sisteminə mənfi təsir göstərir. Qısa video platformalarından balanslı istifadə etmək həm zehni sağlamlığı qorumaq, həm də diqqət və məhsuldarlığı artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.