Quru sərhədlər açılacaqmı? – Əsas şərt AÇIQLANDI

Quru sərhədlərin açılması məsələsi zaman-zaman gündəmə gəlir. Lakin regionda və dünyada müşahidə olunan geosiyasi gərginliklər, davam edən silahlı münaqişələr və təhlükəsizlik riskləri fonunda bu addımın məqsədəuyğunluğu sual doğurur.

Bir tərəfdən vətəndaşların gediş-gəlişi və iqtisadi fəallıq baxımından sərhədlərin açılması gözləntilər yaradır, digər tərəfdən isə təhlükəsizlik amili əsas narahatlıq doğuran məsələ kimi ön plana çıxır.

Bəs mövcud beynəlxalq vəziyyət fonunda Azərbaycan quru sərhədləri ilə bağlı hansı qərarları verə bilər və bu qərarlar hansı meyarlar əsasında formalaşır?

Məsələ ilə bağlı News24.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, hazırda regionda və ümumilikdə dünyada geosiyasi vəziyyətin daha da gərginləşməsi müşahidə olunur:

"Xüsusilə İran-ABŞ və İsrail münasibətlərində artan gərginlik, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin davam etməsi qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Davos İqtisadi Forumu da 2026-cı ildə qlobal geosiyasi gərginliyin artacağını proqnozlaşdırmışdı və bu tendensiyanın dünya iqtisadiyyatına həm siyasi, həm də iqtisadi baxımdan mənfi təsirləri qaçılmazdır".

Deputat vurğulayıb ki, belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan bütün qərarlarını ölkənin milli təhlükəsizliyi və milli maraqları əsasında qəbul edir:

"İstənilən qərarın mərkəzində Azərbaycan vətəndaşının təhlükəsizliyi dayanır və bu prinsip dəyişməz olaraq prioritet hesab olunur. Quru sərhədlərinin açılması məsələsi də məhz bu kontekstdə, yəni çoxşaxəli və hərtərəfli qiymətləndirmə tələb edən mövzu kimi nəzərdən keçirilir. Bu istiqamətdə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq təhlillər və qiymətləndirmələr aparılır. Hökumət geosiyasi vəziyyəti diqqətdə saxlayaraq, eyni zamanda Azərbaycanın milli təhlükəsizliyi və milli maraqlarını əsas götürür".

Vüqar Bayramov bildirib ki, aparılan bu qiymətləndirmələr və analizlər nəticəsində yaxın gələcəkdə atılacaq addımlar və qəbul ediləcək qərarlar daha aydın şəkildə müəyyənləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31