“Beş il ərzində sən 15 manat tapa bilmirsən?” – Yazıçı Anar
14:49 Sosial"Xeyli adam gəlib üzvlük haqqını ödəyir. Onları Birlikdə saxlayırıq. Bəziləri isə deyir ki, vermirəm, vermək də istəmirəm. Nizamnaməyə görə isə ödənişləri etməyən şəxslər üzv ola bilməz".
Bunu Musavat.com-a Azərbaycan Yazıçılar Birliyin sədri Anar Rzayev deyib.
O bildirib ki, indiyə kimi üzvlük haqqı ödəməyən 30-a yaxın üzv xaric olunub:
"Xaric edilmələr uzun mərhələli prosesdir. Əvvəlcə siyahılar tərtib olunur, həmin adamlara zəng edilir və xəbərdarlıq edilir. Bu, asan məsələ deyil. Zəng edirik, izah edirik, deyirlər ki, unudublar, ödəniş edəcəklər. Eləsi də var ki, deyir: "vermirəm, istəmirəm". İstəmirsənsə, deməli, üzv ola bilməzsən. Beş il ərzində sən 15 manat tapa bilmirsən? Onda niyə AYB-nin üzvü olmalısan ki?! Biz mətbuata verdiyimiz siyahıdakı şəxslər arasında abırlı insanlar da var. Onlar adlarını siyahıda görüb, gəlib ödəniş etdilər və unutduqlarını bildirdilər".
Qeyd edək ki, 5 ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılır. Ödəniş etməyənlərə fevralın 1-dək vaxt qoyulmuşdu.