Mətbuat Şurası sosial media istifadəçilərinə ÇAĞIRIŞ ETDİ

Son dövrlər sosial şəbəkələrdə, xüsusilə "TikTok" və "YouTube" platformalarında canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir.

Bu barədə Mətbuat Şurası məlumat yayıb.

Qeyd edilib ki, bu cür hallar cəmiyyətdə aqressiyanın artmasına, eyni zamanda, milli-mənəvi dəyərlərə ciddi zərər vurur.

Məlumatda vurğulanıb ki, xüsusilə xaricdə yaşayan bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər sosial şəbəkələrdə canlı yayımlar vasitəsilə insanları açıq şəkildə təhqir edir, alçaldır və qarşıdurma mühiti yaradırlar.

"Belə davranışlar nə etik normalara, nə də ifadə azadlığının mahiyyətinə uyğundur. İfadə azadlığı heç bir halda təhqirə, söyüşə, nifrət nitqinə, yalan məlumat yayımına və ictimai manipulyasiyaya haqq qazandıran təbiətə malik ola bilməz. Sosial media informasiya məkanının ayrılmaz hissəsidir və burada yayılan hər bir məlumat həm ictimai, həm də hüquqi məsuliyyət yaradır. Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyası sosial şəbəkələrdə fəaliyyət göstərən bütün blogerləri, tiktokerləri, ümumən sosial media istifadəçilərini qanunvericiliyə, etik normalara və ictimai məsuliyyət prinsiplərinə uyğun davranmağa çağırır", - deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31