Əllərin dərisini necə cavanlaşdırmaq olar? -Yaşınızı ələ verməsin

Mütəxəssislər bildirirlər ki, əllər üz qədər tez qocalan nahiyələrdən biridir və düzgün qulluq edilmədikdə yaş faktorunu açıq şəkildə göstərir. Günəş şüaları, məişət kimyəvi vasitələri və nəmləndirmənin azlığı əllərin dərisində qırışların və ləkələrin yaranmasını sürətləndirir.

Olaylar.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, əllərin cavan görünməsini qorumaq üçün ilk növbədə mütəmadi nəmləndirmə vacibdir. Tərkibində hialuron turşusu, qliserin və şi yağı olan kremlər dərinin elastikliyini artırır. Ev işləri zamanı qoruyucu əlcəklərdən istifadə etmək də dərinin zədələnməsinin qarşısını alır.

Günəşdən qorunma da əsas şərtlərdən biridir. Mütəxəssislər əllərə də SPF tərkibli kremlərin çəkilməsini tövsiyə edirlər. Bu, piqment ləkələrinin və erkən qocalmanın qarşısını alır.

Həftədə 1-2 dəfə skrab və ya pilinq tətbiqi ölü dəri hüceyrələrini təmizləyərək əllərin daha hamar və parlaq görünməsinə kömək edir. Bundan əlavə, gecə vaxtı qidalandırıcı maska və ya yağlarla masaj etmək qan dövranını yaxşılaşdırır.

Qeyd olunur ki, düzgün qulluq, balanslı qidalanma və su balansının qorunması əllərin dərisini uzun müddət cavan saxlamağa imkan verir və yaşın görünməsinin qarşısını alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31