Teatr Xadimləri İttifaqında Gənclər Gününə həsr olunmuş tədbir keçirildi
18:26 Sosialİncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ardınca isə torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə sayğı duruşuyla açıq elan olunub.
Açılış nitqi ilə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov 2 Fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib. O, İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi ilə birgə keçirilən bu cür tədbirlərin yaradıcı və istedadlı gənclərin aşkara çıxarılması və inkişafına töhfə verdiyini, qarşılıqlı əməkdaşlıq nəticəsində bu yöndə fəaliyyətin daha da genişləndiriləcəyini vurğulayıb.
Məruzə ilə çıxış edən İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova bildirib ki, 1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan Respublikası gənclərinin I Forumu keçirilib və həmin tarix Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Fərmanı ilə ölkəmizdə Gənclər Günü kimi təsis olunub.
Çıxışda 1999-cu ildə imzalanmış Dövlət Gənclər Siyasəti haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu, eləcə də bu sahədə icra olunan dövlət proqramlarının gənclərin bütün sahələr üzrə inkişafına müsbət təsir göstərdiyi, müstəqil, güclü və qalib Azərbaycan gəncliyinin formalaşmasında mühüm rol oynadığı qeyd edilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ceyhun Məmmədov, Aydın Mirzəzadə, Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Nərimanov rayon Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov, V çağırış Milli Məclisin deputatı Dilarə Cəbrayılova, "Onur Plast" suvarma sistemləri MMC-nin direktoru Zöhrab Mustafazadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Zöhrə Qaraqızı, eləcə də gənclər çıxış edərək 2 Fevral - Gənclər Gününün əhəmiyyətindən, gənclərin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından danışıblar.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Kənan Seleymanlıya həsr edilmiş jurnal iştirakçılara təqdim olunub.
İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi və Teatr Xadimləri İttifaqının rəhbərliyinin imzası ilə 30 nəfər yaradıcı və istedadlı gənc "Təşəkkürnamə" ilə təltif edilib.
Tədbir İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin "Zəfər yurdu" ansamblının repertuarından səsləndirilən vətənpərvərlik ruhlu musiqi nömrələri ilə davam etdirilib.


