Hansı yaxın qohumlar nikaha daxil ola bilməzlər- ÖZƏL

Ölkədə yaxın qohumların nikaha daxil olmasına qadağa qoyulub. Lakin gənclər evlənən zaman "yaxın qoyumun"  dairəsini müəyyən etməkdə çətinlik çəkirlər. "Olaylar" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 28 iyun 2024-cü il tarixli, 1198-VIQD nömrəli Qanunla Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, habelə bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməməsinə dair müddəalar əlavə edilmişdir. Qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, habelə bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanması qadağandır.
Həmçinin nikaha daxil olmağı arzu edənlərdən biri və ya hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu halda onun (onların) Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olmasını və ya yaşamasını təsdiq edən sənədin surəti, eləcə də ailə vəziyyətinə dair arayış ərizəyə əlavə edilməlidir.
Nikaha daxil olmaq istəyən şəxslər nikah qeydə alınanadək qeydiyyat şöbəsinə digər sənədlərlə yanaşı tibbi müayinədən keçmələri barədə arayışların əslini də təqdim etməlidirlər. Həmin arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun tərtib olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31