Restoranlarda mahnıya qulaq asmaq pullu olub - AÇIQLAMA
29 Yanvar 10:41 SosialRestoran, kafe və digər iaşə obyektlərində səsləndirilən yerli və xarici musiqilərə görə sahibkarlardan ödəniş tələb olunur.
Milli.Az xəbər verir ki, sahibkarlar bildiriblər ki, illərdir ki, bu tendensiya davam edir:
"Amma ilk dəfədir ki, bu barədə xəbərdarlıq alırlar. Həmçinin onların sözlərinə görə, musiqi restoranda xidmət deyil, sadəcə mühitin bir hissəsidir. Əgər restoranda müsiqi səsləndirilməsi ilə bağlı ödəniş tələb olunarsa, bu zaman əlavə xərc yaranacaq. Bu da qiymətlərin artmasına gətirib çıxaracaq. Yəni, bu məbləğ müştərinin cibindən çıxacaq. Hətta mahnı süni intellekt vasitəsi ilə səsləndirilsə belə burda müəlliflik hüququna görə ödəniş tələb olunur".
Bəs bu nə dərəcə doğrudur?
Məsələ ilə bağlı hüquqşünas Mirhüseyn Həbibli bildirib ki, məsələ qanunvericilikdə mövcüddur:
"Lakin tətbiq mexanizmləri bəzən aydın və şəffaf deyil. Müəlliflər və onların hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətlər ötürülmüş şəxslər bu hüquqların müdafiəsini həyata keçirə bilərlər.
Restoranlar həmin musiqi fəaliyyətləri zamanı gəlir əldə etdikləri üçün kommersiya çərçivəsində müəllif hüquqlarından istifadə etdikləri üçün həmin şəxslərin bu tip restoranlardan ödəniş tələb etmək hüququ var. Amma bu hüquqların müdafiəsi ilə bağlı tələblər Azərbaycan Respublikasında qeydiyyata alınmalıdır və eyni zamanda ilkin olaraq bununla bağlı qarşı tərəfə xəbərdarlıq edilməlidir".