Bu tarixlərdən evlər və tikinti materialları bahalaşacaq — AÇIQLAMA
16:12 SosialÜmumi qiymət artımı fonunda tikinti materiallarının da qiymətinin artması gözdən qaçmır. Ərzaq və qeyri-ərzaq məhsullarında, eləcə də dərman qiymətlərində müşahidə olunan artımlar digər sahələrə də birbaşa təsir göstərir. Bu artım tikinti sektorundan da yan keçmir.
Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, tikinti materiallarının mühüm hissəsi xaricdən idxal olunur:
"Logistik xərclərin bahalaşması, dünyada və region ölkələrində qiymət artımı idxal olunan materialların dəyərini yüksəldir. Eyni zamanda ustaların və tikintidə çalışan digər işçi qüvvəsinin əmək haqlarının artması xərcləri artırır. Bütün bu amillər birbaşa tikinti materiallarının qiymətinə təsir edir və nəticədə mənzil bazarında bahalaşma yaradır. Süni qiymət artımı iddiaları inandırıcı görünmür. Bazar sərbəstdir və çoxsaylı iştirakçılar mövcuddur. Əgər bir sahədə süni bahalaşma olsaydı, bu digər istiqamətlərdə də eyni şəkildə özünü göstərərdi. Mövcud vəziyyət isə bunu təsdiqləmir".
Ekspert deyib ki, bahalaşma 2026-cı ildə müxtəlif sahələrdə hiss olunacaq:
"Tikinti materiallarında qiymət artımı adətən fevral ayının sonu, martın əvvəlində tikintinin aktivləşdiyi dövrə təsadüf edir. Daşınmaz əmlak bazarında isə ilin əvvəlində ipoteka və kredit zəmanəti fondu vasitəsilə verilən kreditlərdən sonra canlanma müşahidə olunur".
O qeyd edib ki, tikinti xərclərinin və normativ tələblərin artması 2026-cı ildə tikinti həcmini azalda bilər.
"Tikinti həcmi azaldıqda sahibkarlar bunu daha yüksək qiymətlərlə kompensasiya etməyə çalışacaqlar. Paralel olaraq, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və çətin iqtisadi proseslər bazarda durğunluq yarada bilər. Nəticə etibarilə, mövcud qiymət artımları daşınmaz əmlak bazarında bahalaşmaya səbəb olsa da, əvvəlki illərdə müşahidə olunan yüksək faizli artımların təkrarlanacağı gözlənilmir. Bazarda daha çox durğunluq, yəni "stagnasiya" müşahidə olunacağı ehtimal edilir", - deyə ekspert bildirib.