Badamdar sürüşməsi təhlükə bitdimi? - Seysmoloqdan XƏBƏRDARLIQ

Azərbaycanda sürüşmə zonaları əsasən dağlıq və dağətəyi ərazilərdə, həmçinin Xəzərsahili yamaclarda cəmləşib. Yağıntılı günlərdə bu məsələ hər zaman gündəmə gəlir, aidiyyatı qurumlar hərəkətə keçirlər. Hazırda respublikanın ən müxtəlif yerlərindəki bu zonalar diqqət mərkəzində saxlanılır.

Belə təhlükəli yerlərdən biri Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşir.

Bir vaxtlar bu ərazidə yaşayan insanların həyatı hər kəsi narahat edirdi. Amma indi demək olar ki, o təhlükələrdən hələlik sovuşub. Çünki sürüşmə riski olan ərazi betonlanıb. Həmçinin, betonun içərisindən kanal açıblar, su kanala axır və o yolla da kənara çıxarılır.

Ona görə də ərazidə yaşayan sakinlərin narahatlığı azalıb. Söhbətləşdiyimiz sakinlər bildirirlər ki, əvvəllər su gölməçələri yaranırdı və nəticədə sürüşmə riskləri artırdı, indi isə ərazi quru görünür, yaşayış yerlərinin kənarındakı kanallar vasitəsilə su axıb gedir. Sakinlər deyirlər ki, təhlükənin sovuşması müvəqqəti xarakter daşıya bilər. İndiyə qədər neçə dəfə təhlükəli zonada işlər görülsə də, sonradan yağıntılı günlərdə problem yenidən baş qaldırıb. Sakinlərin sözlərinə görə, ərazidə evlərin sayı artıb. Xüsusilə, 3-cü yaşayış massivində villaların sayının artması diqqət çəkir.

Sürüşmə zonasının aşağı tərəfində isə təxminən 15-ə yaxın ev yerləşir. Vaxtilə həmin yer sürüşmə zonasının ən təhlükəli hissəsi idi.

Seysmoloq Ənvər Əliyev Musavat.com-a deyib ki, sürüşmə zonalarının aktivləşməsi mümkündür.

"Çünki yayda quraqlıq olanda yerin qatında çatlar əmələ gəlir. Nəticədə yağıntılı günlər olan kimi, yaxud qar həmin çatların arasına dolan kimi onların aktivləşməsi ehtimalları artır. Bu ehtimal Bakının bir çox yerlərində var. Quraqlıq günlərində çatlar görünməyə başlayır. Xüsusilə, meyvələr çox olan yerdə aktivlik ehtimalları daha yüksək olur",_ deyə mütəxəssis vurğulayıb.

Onun fikrincə, yağıntılı günlər davamlı olanda, yaxud qar əriməsi nəticəsində aktivlik yüksəlir:

"Çünki alt qatlara su rahat şəkildə keçir. Digər tərəfdən o yerlərdə yol çəkilməsi yaxud hər hansı bir obyekt tikilməsi nəticəsində qorunan dayanıqlı nöqtələr pozula bilər. Nəticədə o zaman həmin sürüşmə zonasının aktivliyi çoxala bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31