3 milyondan çox vətəndaşa aid fərdi məlumatların sızma hallarının qarşısı alınıb - ETX

28 yanvar dünyada Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Məhz 1981-ci ilin bu günündə fərdi məlumatların mühafizəsi sahəsində ilk beynəlxalq konvensiya qəbul olunub.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan isə bu konvensiyaya 2009-cu ildə qoşulub və 2010-cu ildə ölkəmizdə "Fərdi məlumatlar haqqında" Qanun qəbul edilib.

Məlumata görə, cari il ərzində rəqəmsal risklərin tənzimlənməsini, vətəndaşların hüquqlarının gücləndirilməsini, eləcə də fərdi məlumatları işləyən tərəflər üçün öhdəlik və məsuliyyətin artırılmasını nəzərdə tutan təkmil qanunvericiliyin qüvvəyə minməsi gözlənilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqan kimi ötən il ərzində həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb.

Eyni zamanda fərdi məlumatların mühafizəsi tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlb edilib.
Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3 000-dən çox vətəndaşa aid fərdi məlumatların qanunsuz yayılması halları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradan qaldırılması təmin edilib.

Bildirilib ki, bu il, həmçinin ölkə üzrə fərdi məlumatların işlənildiyi informasiya sistemlərinin uçotunun aparılması, şəffaflığın və nəzarətin artırılması məqsədilə fərdi məlumatların informasiya sistemlərinin mərkəzləşdirilmiş vahid bazasının formalaşdırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31