Peyvəndi olmayan təhlükəli virus: ÜST xəbərdarlıq etdi – Belə qorunun
13:48 SosialXəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Nipah" virusu ilə bağlı xəbərdarlıq edib. Qurum xəstəliyin pandemiyaya çevrilə biləcəyini bildirib.
Bu virusla necə mübarizə aparmaq olar? Əhali nəyə diqqət etməlidir?
Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, "Nipah" çox təhlükəli və nadir rast gəlinən zoonoz mənşəli virusdur:
"Bu, heyvandan insana keçir. Əsasən meyvə yarasaları virusun təbii daşıyıcısı sayılır. Hazırda spesifik peyvənd və ya təsdiqlənmiş müalicəsi yoxdur. Buna görə əsas mübarizə yolu profilaktik tədbirlərdir. Virus insanlarda ağır beyin iltihabı və tənəffüs çatışmazlığı yarada bilər. Ölüm faizi çox yüksəkdir, təxminən 40-75% arasında dəyişir".
Terapevt bildirib ki, insanlar virusdan qorunma yollarından istifadə etməlidirlər:
"Bunun üçün çiy, açıqda qalmış xurma şirəsi və yarasalarla təmasda ola biləcək qidalardan uzaq durmaq lazımdır. Eyni zamanda meyvələr yaxşı yuyulmalı, xəstə insanlarla yaxın təmasdan çəkinməli və gigiyena ciddi nəzarətdə saxlanılmalıdır. Qızdırma, baş ağrısı, tənəffüs və ya nevroloji əlamətlər olduqda dərhal həkimə müraciət etmək lazımdır. Risk əsasən yoluxma ocaqlarında yüksəkdir, lakin erkən xəbərdarlıq və düzgün profilaktika ilə yayılmanın qarşısını almaq mümkündür".
Xatırladaq ki, artıq Hindistanda virusdan ilk ölüm hadisəsi qeydə alınıb. Hakimiyyət Qərbi Benqaliyanın şərqindəki təhlükəli "Nipah"ın yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə başlayıb. Bildirilib ki, virusa yoluxanların sayı 5-ə çatıb, 100-dən çox insan karantinə alınıb və yoluxmuş xəstələr müalicə alır.