Bu səbəbə görə Azərbaycanda süni mayalanma təhlükə yaradır – Doğuşayardım Komissiyasının sədri

Reproduktiv sağlamlıq haqqında qanunun qəbul olunmaması, süni mayalanma sahəsində klinik protokolların olmaması bu sahədə ciddi boşluqlar yaradır və genefondun gələcəyi üçün risklər formalaşdırır.

Bunu Trend-ə müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli bildirib.

Onun sözlərinə görə, donor olan şəxslər barədə ümumi məlumat bazasının yaradılması zəruridir:

"Azərbaycanda orqan transplantasiyası haqqında qanun mövcuddur. Bütün hüceyrələrin donorluğu və saxlanılması üçün müvafiq bank yaradılıb. Lakin süni mayalanma üçün donor hüceyrələrin saxlanılması məqsədilə bank yoxdur. Bu, gələcəkdə genetik xəstəliklərin artmasına gətirib çıxara bilər. Bəzi özəl müəssisələrdə folikul donorluğu həyata keçirilir, lakin bunun üçün hüquqi baza mövcud deyil. Burada donor olan insanların müayinəsi aparılırmı? Həmin müəssisələrdə folikul donoru olan qadınlar öz orqanizmlərinə necə zərər vurduqlarının fərqində olmaya bilərlər. Bunu sadəcə pul qazanmaq yolu kimi seçənlər də var. Amma bu prosesdə onlara nə qədər hormonal preparat yeridildiyini nəzərə almırlar. Donor olan şəxslər barədə ümumi məlumat bazasının yaradılması zəruridir", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31